×
A
A
A
Sazlamalar

Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan parlamentinin yaradılmasının 100-cü ildönümü münasibətilə Azərbaycanda səfərdə olan Sudan parlamentinin spikeri İbrahim Əhməd Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti “Azərkosmos” ASC ilə tanış olub.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, spiker İbrahim Əhməd Ömər ilə keçirilən görüşdə qonağa “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər, “Azersky” – Yer səthinin məsafədən müşahidə peykindən əldə edilən peyk təsvirləri vasitəsilə “Azərkosmos”un kənd təsərrüfatı, ekologiya, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi sahəsində yerinə yetirdiyi layihələr və bu günlərdə orbitə buraxılacaq “Azerspace-2” telekommunikasiya peyki barədə geniş məlumat verilib.
Görüş əsnasında İbrahim Əhməd Ömər Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin görüşdə Sudan Respublikasında milli peyk operatorunun yaradılması, kosmik sahədə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində Azərbaycanın təcrübəsini öyrənmək niyyəti vurğulanıb.
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” "peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” bu günlərdə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən almaq olar.

İKT 2018-09-25 12:45:00