×
A
A
A
Sazlamalar

İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İspaniyanın Barselona şəhərində Kataloniya Açıq Universitetinin (KAU) kompüter elmləri kafedrasında və Kataloniya Politexnik Universitetinin (KPU) tətbiqi riyaziyyat kafedrasında elmi ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ezamiyyət Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər (“Big Data”) mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” qrant layihəsi çərçivəsində təşkil edilib.
KPU-nun tətbiqi riyaziyyat kafedrasında aparılan tədqiqatlarla qonaqları tanış etmək və gələcəkdə çoxtərəfli əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə bu qurumda görüş keçirilib. Professor Albert Ferrer qonaqlara universitet haqqında qısa məlumat verdikdən sonra kafedrada aparılan prioritet tədqiqat istiqamətlərindən söz açıb. O, kafedrada böyük həcmli verilənlərin analizi (klasterləşdirilməsi) sahəsində aparılan tədqiqatlar barədə məlumat verib. Tədbirdə bu istiqamətdə klassik və metaevristik (evolyusiya) alqoritmlərin kombinasiyasının verə biləcəyi imkanlar və perspektivlər müzakirə olunub. Bildirilib ki, böyük ölçülü verilənlərin klasterləşdirilməsi zamanı meydana çıxan optimallaşdırma məsələlərinin həllində hibrid (klassik və metaevristik) alqoritmlər müsbət nəticələr verə bilər və bu istiqamətdə birgə tədqiqatların aparılması zəruridir.
Sonra layihə çərçivəsində əldə olunmuş nəticələr müzakirə edilib, rəy və təkliflər səsləndirilib. Görüşün yekununda tərəflər elmi əməkdaşlıqda maraqlı olduqlarını bildirib, gələcəkdə bu istiqamətdə birgə tədqiqatların aparılmasının, layihələrin işlənilməsinin vacibliyini vurğulayıblar.

Elm və təhsil 2018-09-25 12:22:00