×
A
A
A
Sazlamalar

Paytaxt və bölgə məktəbləri arasında əməkdaşlıq genişlənir

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı şəhəri və Şuşa rayonunun məktəbləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə görüşlər keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri, Şuşa Rayon Təhsil İdarəsinin müdiri Təvəkkül Əliyev, Bakı şəhəri 62 nömrəli məktəb-liseyin və 247 nömrəli tam orta məktəbin direktorları, müəllimlər iştirak ediblər.
Bərdə və Ağdam rayonlarında “Salam, Şuşa” devizi altında təşkil olunan görüşlərin əsas məqsədi paytaxt məktəbləri ilə Şuşa rayonunun 18, 19 və 21 nömrəli tam orta məktəbləri arasında əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq, qaçqın və məcburi köçkünlərlə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinə, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə icra olunan təhsil layihələrinə dəstək vermək və məcburi köçkünlərə mənəvi dayaq olmaqdır.
Görüşlərdə çıxış edənlər layihənin əhəmiyyəti barədə danışıb, eləcə də, doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərə, təhsilin inkişafına göstərilən dövlət qayğısından söhbət açıblar.
Qeyd edək ki, YAP Nəsimi və Nizami rayon təşkilatlarının təşəbbüsü ilə Bakı şəhəri Nizami rayonu 62 nömrəli məktəb-lisey, Nəsimi rayonu 247 nömrəli tam orta məktəb və Şuşa rayonunun 18, 19, 21 nömrəli tam orta məktəbləri arasında əməkdaşlıq “Təhsilə dəstək” layihəsi çərçivəsində reallaşdırılır.

Elm və təhsil 2018-09-25 11:42:00