×
A
A
A
Sazlamalar

Frankfurt-Maynda İŞİD silahlısı mühakimə edilib

Berlin, 25 sentyabr, AZƏRTAC

Hessen federal əyalətinin Ali Məhkəməsi Almaniya vətəndaşlığı olan 32 yaşlı radikal Y.Əbdülkərimi on il həbs cəzasına məhkum edib.
AZƏRTAC xəbər verir ki, Əbdülkərim hərbi cinayət törədilməsinə şərait yaratmaqda və terrorçu qruplaşmada iştirak etməkdə təqsirli bilinib.
Frankfurt-Mayn məhkəməsinin mətbuat xidmətinin verdiyi məlumata görə, Əbdülkərim 2016-cı ilin noyabrında 8,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İndi isə məhkəmə işin yeni təfsilatına istinad edərək cəza müddətini artırıb.
Frankfurt-Maynda doğulmuş məhkum, özünün deməsinə görə, katib-referent təhsili alıb, lakin son vaxtlar sosial-müavinət hesabına yaşayırdı. Onun üç qardaşı və X.Angelika adlı bir qadından nikahdankənar qızı var. Angelika da istintaq orqanlarının diqqət mərkəzindədir.
Məhkəmənin məlumatında bildirilir ki, Y.Əbdülkərim 2012-ci ilin dekabrından gec olmayaraq radikal sələfi birliyinə qoşulub. Həmin birlik Əbdülkərimi “müqəddəs müharibə”də iştiraka sövq edib.
2013-cü ilin sentyabrından 2014-cü il fevralın əvvəlinə qədər “İslam dövləti” terrorçu qruplaşmanın üzvü kimi Suriyada olmuş Əbdülkərim 2013-cü ilin noyabrında əsir götürülmüş bir nəfərə işgəncələr verilməsində iştirak edib. Əbdülkərim həmin işgəncələri öz “əmir”inə göstərmək üçün bu səhnələri öz mobil telefonuna çəkib. 2015-ci ilin fevralında o, Almaniyaya, doğulduğu Frankfurt-Mayna qayıdıb və orada həbs edilib.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Dünya 2018-09-25 11:21:00