×
A
A
A
Sazlamalar

UNEC-də imtahan prosesi təkmilləşdirilir

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə imtahan mərkəzinin yaradılması barədə qərar qəbul edilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, mərkəzinin əsasnaməsi ilə tanış olmaq və fəaliyyət istiqamətlərini daha da təkmilləşdirmək üçün müvafiq struktur rəhbərlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə rektor Ədalət Muradov qeyd edib ki, Avropa ölkələrində təhsilin keyfiyyəti ilə bağlı bir sıra tələblər mövcuddur və bunlardan biri də ali təhsil müəssisəsində müstəqil imtahan mərkəzinin fəaliyyət göstərməsidir.
Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin direktor müavini Söhrab İsayev imtahan mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verib. O, fakültələr üzrə imtahan prosesinin koordinasiyası, imtahan öncəsi hazırlıq işləri, müraciətlərin operativ həlli, təhlillərin aparılması üçün hesabatların tərtibi və digər əhəmiyyətli məqamlara toxunub.
Görüşdə payız imtahan sessiyasında tətbiq olunacaq bir sıra yeniliklər də diqqətə çatdırılıb. Qeyd olunub ki, 2018/2019-cu tədris ilindən etibarən mühasibat uçotu və marketinq ixtisasları yenilənmiş sillabus əsasında tədris olunacaq və test bazası məxfi saxlanılacaq. Texniki və texnoloji ixtisaslarda isə üç fənn üzrə imtahanlar yazılı formada keçiriləcək.
Görüşdə təkliflər səsləndirilib və mərkəzin fəaliyyət mexanizmi formalaşdırılıb. Sonda imtahan mərkəzinin fəaliyyətini tənzimləyəcək müvafiq qaydalar elmi şurada baxılmaq üçün təsdiq edilib.

Elm və təhsil 2018-09-25 11:05:00