×
A
A
A
Sazlamalar

Bu il Ağdamda 6200 tondan çox pambıq istehsalı proqnozlaşdırılır

Ağdam, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bir neçə gündür ki, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda pambıq yığımına başlanılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Prezident İlham Əliyevin ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tövsiyə və tapşırıqlara müvafiq olaraq rayonda bu sahənin dirçəldilməsi istiqamətində mühüm addımlar atılıb. Bu il rayon ərazisində 3100 hektar sahədə çiyid səpilib. Aparılan düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib. Məhsulun maşınla yığılması nəzərdə tutulan sahələrdə pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsi üçün defoliasiya işləri görülüb. Pambıq yığımına 10 ədəd kombayn, 35 ədəd traktor, 75 ədəd qoşqu, 4 ədəd yükləyici cəlb edilib. Cari ildə 6200 tondan artıq pambıq istehsalı proqnozlaşdırılır.
“MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialının direktoru Habil Abbasov tarlalardan orta hesabla 27-30 sentner məhsul götürüləcəyini bildirib: “Bu il 376 nəfər fermerlə müqavilə əsasında 871 hektar sahədə pambıq becərmişik. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir, barlı kollar yetişib. Hazırda məhsul yığımı uğurla davam edir. Pambıq yığımına 4 ədəd pambıqyığan kombayn, 18 ədəd traktor, 36 ədəd qoşqu cəlb etmişik".
Uzun illərdir kənd təsərrüfatı sahəsində çalışan Ağdam rayon Kolqışlaq kənd sakini Yaşar Abbasov bir neçə ildir ki, pambıq istehsalında uğurlu nəticələr əldə edərək yaxşı gəlir götürdüyünü deyib: "Ötən il 4 hektarda pambıq becərib, hər hektardan orta hesabla 37,5 sentner olmaqla, 15 ton məhsul əldə etdim. Bu il isə pambığın əkin sahəsini bir qədər də artırmışam. Tarlalarda məhsulumuz boldur. Hər hektardan 40 sentnerdən yuxarı məhsul gözləyirəm. Pambığın alış qiymətinin hər ton üçün 50 manat artırılması biz fermerləri daha çox məhsul istehsal etməyə həvəsləndirib. Odur ki, növbəti ildə əkin sahəsini daha da genişləndirəcək və daha çox məhsul istehsal etməyə çalışacağam".
Qeyd edək ki, 2017-ci ildə 3005 hektarda pambıq becərən Ağdam pambıqçıları tarlalardan 6173,26 ton məhsul tədarük ediblər.

Kənd təsərrüfatı 2018-09-25 10:44:00