×
A
A
A
Sazlamalar

Bakıda “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb YENİLƏNİB VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərginin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycandakı diplomatik korpusun, beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin müdafiə nazirləri və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub 
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev çıxış edərək ölkəmizdə və regionda üçüncü dəfə keçirilən Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX-2018” sərgisinin açılışı münasibətilə nümayəndə heyətlərini, şirkətlərin təmsilçilərini və ziyarətçiləri təbrik edib. Diqqətə çatdırılıb ki, “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir.
Artıq ənənə halını almış “ADEX” sərgisinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan nazir müavini deyib ki, Azərbaycan Respublikası 25 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzünə məruz qalıb, ölkəmizin ərazisinin 20 faizi zəbt edilib və bir milyondan çox əhali daimi yaşayış yerlərini tərk edərək qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın üzləşdiyi hərbi təcavüz ordu quruculuğunu və Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsini prioritet istiqamətə çevirib. Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri də Müdafiə Sənayesi Nazirliyinin yaradılması olub. Bu addım ölkədə Hərbi Sənaye Kompleksinin əsaslı şəkildə yenidən qurulmasına və onun müdafiə qüdrətinin möhkəmləndirilməsinə töhfəsini verib.
“Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və beynəlxalq hərbi-texniki əlaqələrin möhkəmləndirilməsində mühüm işlər görülüb. Dövlətimizin hərbi qüdrəti durmadan artıb və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Hazırda Azərbaycan ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır”, - deyə Yəhya Musayev vurğulayıb.
Nazir müavini qeyd edib ki, bu gün ölkəmiz müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi dünyada tanınır. Qazanılan nailiyyətlər istehsal edilən rəqabətədavamlı məhsulların dünya bazarına çıxarılmasına şərait yaradıb. Məmulatlar Silahlı Qüvvələrimizlə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.
Müdafiə Sənayesi Nazirliyi indiyədək bir çox beynəlxalq sərgidə öz məhsullarını təqdim edib. Artıq üçüncü dəfədir ki, nazirliyin təşəbbüsü ilə ölkədə beynəlxalq müdafiə sərgisi keçirilir. Bu sərgi dünyanın sürətlə inkişaf edən bazarlarında strateji əməkdaşlıqların inkişaf etdirilməsi istiqamətində əlverişli platforma rolunu oynayır.
“ADEX-2018” sərgisində 29 ölkədən 224 şirkət və rəsmi nümayəndə heyətlərinin iştirak etdiyini deyən Yəhya Musayev əmin olduğunu bildirib ki, sərginin qonaqları bu müddətdə paytaxt Bakının gözəlliyi və qonaqpərvərliyi ilə tanış olmaq imkanı da əldə edəcəklər.
“2025-ci ildə keçiriləcək “Ekspo-2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb. Bu, ölkə rəhbərliyinin beynəlxalq sərgilərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Ümid edirəm ki, bu gün Bakıya gələn qonaqlar “Ekspo-2025” sərgisində Azərbaycanın namizədliyini dəstəkləyəcəklər”, - deyə nazir müavini vurğulayıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, “ADEX-2018” sərgisində Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətləri 11 stendlə təmsil olunur. Şirkətlərin sayına görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) sərginin fəal iştirakçılarıdır.
Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı, “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgiyə ilk dəfə qatılır.
Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərir. “ADEX-2018” sərgisinə 18 ölkədən 62 aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, saytlar, xəbər agentlikləri informasiya dəstəyi göstərib. Sərgini işıqlandırmaq üçün 100-dən çox mətbuat nümayəndəsi akkreditasiyadan keçib.
“ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə və Raket Əleyhinə Müdafiə sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar və digər müasir silah, texnika və avadanlıqlar təqdim olunur.
Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nazirliyin müəssisələrində yaradılan və istehsal olunan ən son silah və hərbi texnikalar nümayiş etdirilir. Burada iştirakçılar və ziyarətçilər Azərbaycan müdafiə sənayesinin yenilikləri, inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola bilərlər.
Sərginin açıq meydançasında isə müxtəlif xarici şirkətlərin hərbi və xüsusi təyinatlı texnikası, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün nəzərdə tutulan vasitələrdən ibarət statik ekspozisiya yerləşdirilib.
Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiqləyir.
Sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatların keçirilməsi planlaşdırılır.
Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü il dönümü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Azərbaycan Hərb Tarixi və Milli Azərbaycan Tarixi muzeyləri sərgidə ölkəmizin bu şanlı tarixini əks etdirən nadir silah və geyim ekspozisiyalarını təqdim edirlər.
Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradıb. Sərgi ən müasir silahların nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevrilib.

Siyasət 2018-09-25 11:15:00

Video