×
A
A
A
Sazlamalar

Ötən həftə on rayonda xüsusi tullantılar üçün ümumilikdə 16 konteyner yerləşdirilib

Bakı, 25 sentyabr, AZƏRTAC 

Keçən həftə ərzində də respublika ərazisində plastik tullantıların idarə edilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz, Şəki, Qax, Balakən, Neftçala rayonlarının hər birində bir, Hacıqabul, Sabirabad, İmişli və Zərdabda iki, Salyanda üç ədəd olmaqla ümumilikdə, 16 konteyner əhalinin sıx olduğu ərazilərdə yerləşdirilib. Bu konteynerlərdən 12-si rayon icra hakimiyyətləri tərəfindən hazırlanıb.
Yerli idarəetmə orqanları və sahibkarlar plastik tullantıların idarə edilməsi və polietilen məmulatlardan istifadənin azaldılması ilə bağlı ETSN-in həyata keçirdiyi tədbirlərə dəstək nümayiş etdirərək bu işin davamlı olmasına zəmin yaradıblar.
Nazirlik bu tədbirlərin keçirilməsinə dəstək olan bütün tərəfdaşlara öz minnətdarlığını bildirir və ictimaiyyəti plastik tullantıların çeşidlənməsində fəal iştirak etməyə çağırır.

Ekologiya 2018-09-25 10:32:00