×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır

Tokio, 25 sentyabr, AZƏRTAC
Yaponiya hökuməti dövlət qulluqçularının əksəriyyətinin evlərində işləməsi üçün şərait yaradılmasına çalışır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu məqsədlə Nazirlər Kabineti yanında “Kasumiqaseki qrupu” adlı xüsusi qrup da yaradılıb. Qrupun adı Tokionun mərkəzində hökumət idarələrinin əksəriyyətinin yerləşdiyi rayonun adından götürülüb.
Əməkdaşların daha çox hissəsinin evdə işləməsi sahəsində ən böyük uğuru İnzibati İşlər və Kommunikasiyalar Nazirliyi qazanıb. Bu nazirliyin əməkdaşlarının 52 faizi evlərində çalışır. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin əməkdaşlarının isə 40 faizi vəzifələrini evlərində həyata keçirirlər.
Digər nazirliklərdə bu rəqəm heç 10 faizə də çatmır ki, bu da mərkəzi nazirliklərin yükünü azaltmağa çalışan hökuməti qane etmir. Bu addımın atılmasında bir neçə müsbət məqamın olduğu bildirilir. Belə ki, ilk növbədə pik saatlarında Tokio metrosunun sərnişindaşıma yükü azalır. Evdə iş iqtisadi cəhətdən də sərfəlidir, çünki hökumət bununla əməkdaşlara verilən gediş haqqında qənaətə nail olur. Bundan əlavə, psixoloqlar da ev şəraitində fəaliyyətin nəticələrini yüksək qiymətləndirirlər.
Yaponiyada dövlət qulluqçularının sayının təqribən 584 min nəfər təşkil etdiyi bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2018-09-25 07:26:00