Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Ermənistanda Yerevan meri postuna keçirilən seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, seçki məntəqələrində səsvermənin gedişini izləyən jurnalistlər əngəllərlə üzləşiblər. Ermənistanın “Panarmenian” portalının yazdığına görə, mer seçkisi inqilabdan sonra ilk dəfə keçirilməsinə baxmayaraq, pis göstəricilərlə səciyyələnib. 34,2 faiz seçici fəallığı qeydə alınıb. Bu isə Ermənistan tarixindəki ən aşağı səviyyədir. Üstəlik seçki prosesində xeyli qanun pozuntusu və insident qeydə alınıb. İlkin məlumata əsasən, bununla bağlı Mərkəzi Seçki Komissiyasına və polisə 113 fakt daxil olub. Bir seçici baş nazirin dəstəklədiyi namizədin xeyrinə təkrar səs verib.
Bundan başqa, Ermənistan mətbuatı yazır ki, Nikol Paşinyanın dəstəklədiyi “Mənim addımım” hərəkatının müşahidəçilərinin aqressiv davranışları medianın diqqətindən yayınmayıb. Bu barədə seçkidən sonra keçirilən mətbuat konfransında da məlumat verilib. Helsinki Vətəndaş Assambleyasının İrəvan ofisinin rəhbəri Artur Sakuntsun tənqidi fikirləri Paşinyan tərəfdarlarını qəzəbləndirib. Hüquq müdafiəçiləri və müstəqil müşahidəçilər canlı yayımda hücuma məruz qalıblar. Mer seçkisində əsas rəqabət “Sarukyan” fraksiyasının deputatı, “Çiçəklənən Ermənistan” partiyasının namizədi Naira Zöhrabyan ilə “Mənim Addımım” blokunun namizədi Hayk Marutyunyan arasında olub.
Erməni mətbuatının verdiyi məlumata görə, siyasi təcrübə baxımından Naira Zöhrabyanın seçkilərdə qalib gələ biləcəyi ehtimalı yüksək olsa da o, məğlub olub.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır