×
A
A
A
Sazlamalar

“YUĞ” Teatrı yeni mövsümü açıq elan edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrı 30-cu teatr mövsümünə Pərvin Nurəliyevanın əsəri əsasında hazırlanmış “Sonuncu” tamaşası ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan tamaşada rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova canlandırıb. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar. Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.
Qeyd edək ki, teatr sentyabrın 28-də “Medeya.Sekvensiya-01” , 29-da “Təklif. Elçilik”, 30-da isə “Quş dili” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Mədəniyyət 2018-09-24 18:38:00