×
A
A
A
Sazlamalar

Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub

Tbilisi, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Tbilisidə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin parlamentlərinin aparat rəhbərlərinin işçi iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamenti və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə maliyyə dəstəyi ilə keçirilən iclasda Azərbaycan, Gürcüstan, Moldova, Belarus, Ukrayna və Ermənistan parlamentləri aparatlarının rəhbərləri iştirak edirlər.
İki gün davam edəcək tədbirdə ölkəmizi Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov təmsil edirlər.
Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze çıxışında bildirib ki, Şərq Tərəfdaşlığı ölkələri arasında bir çox formatlarda uğurlu əməkdaşlıq həyata keçirilir. Gürcüstan bu ölkələrin parlamentləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri bundan sonra da dəstəkləməyə hazırdır.
Gürcüstan parlamentinin aparat rəhbəri Givi Mikanadze çıxışında bildirib ki, Şərq Tərəfdaşlığına üzv ölkələrin parlament sədrləri qanunverici orqanlar arasında əməkdaşlığa xüsusi diqqət yetirirlər. Bu da aparat rəhbərləri arasında əməkdaşlığı daha da möhkəmləndirməyə geniş imkanlar yaradır.
Almaniya parlamentinin nümayəndəsi Ulriç Sköler Şərq Tərəfdaşlığına üzv ölkələrin parlamentləri arasında sıx əlaqələrin və dialoqun qurulmasının vacibliyini qeyd edib. Bildirib ki, Bundestaq parlamentlər arasında birbaşa əlaqələrin gücləndirilməsini dəstəkləyir.
İşçi görüş sentyabrın 25-də “Parlamentlərarası əməkdaşlığın gələcəyi” mövzusunda sessiya ilə davam etdiriləcək. Tədbirin yekunu olaraq Tbilisi memorandumu imzalanacaq.
Səfa Mirzəyev tədbirlə bağlı AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan 1996-cı ildə Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalayıb. 2006-cı ildə mövcud proqrama qoşulub. Ötən illər ərzində Avropa Parlamenti ilə də sıx əlaqələr qurulub və səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan 2009-2011-ci illərdə Avropa İttifaqı ilə “Tvinninq” layihəsi həyata keçirib. Əsas məqsədi Azərbaycan qanunvericiliyini Avropa qanunvericiliyinə uyğunlaşdırmaq olan layihənin həyata keçirilməsində 43 ölkənin ekspertləri iştirak ediblər. Hazırda bu sahədə çox mühüm nailiyyətlər əldə olunub”.
Layihə çərçivəsində Azərbaycan nümayəndə heyəti Avropanın təcrübəsini öyrənib.
Səfa Mirzəyevin sözlərinə görə, Gürcüstan parlamenti aparatının rəhbərinin təşəbbüsü ilə keçirilən bu tədbirdə Şərq Tərəfdaşlığı ölkələri parlament rəhbərləri arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq: “Biz də bu tədbirə qoşulmuşuq və hesab edirik ki, parlamentlərin baş katiblikləri arasında əməkdaşlıq çox vacibdir.
Aparat rəhbəri qeyd edib ki, tədbirin sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanacaq. Amma Azərbaycan bu sənədi imzalamayacaq: “Azərbaycan tərəfi heç bir zaman əməkdaşlıqdan imtina etməyib. Əksinə, hər zaman əməkdaşlıqda maraqlı olub. Lakin bilirsiniz ki, Azərbaycanın torpaqları işğal olunub. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmayana qədər Ermənistan ilə heç bir əməkdaşlıq olmayacaq”.
Toplantıda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2018-09-24 18:25:00