×
A
A
A
Sazlamalar

Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

Bakı, 24 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

IDEA İctimai Birliyi, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə ölkəmizin bir sıra orta məktəblərində Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə həsr olunmuş “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir. Məlum olduğu kimi, 2015-ci ilin sentyabrın 25-də dünya liderləri tərəfindən BMT-nin Davamlı İnkişaf üzrə 2030 Gündəliyi qəbul edilib. Bununla bağlı, UNICEF və digər təşkilatların dəstəyi ilə “Dünyanın ən böyük dərsi” (The World's Largest Lesson) layihəsi irəli sürülüb. Layihənin məqsədi hər il sentyabr ayının sonundan başlayaraq bütün dünya üzrə məktəblərdə Qlobal məqsədlər barədə dərslərin keçirilməsidir.
Azərbaycanda keçiriləcək dərsin məqsədi isə məktəb şagirdlərinin bir sıra mövzulara, o cümlədən iqlim dəyişikliklərinə dair biliklərini artırmaqdır. Bu baxımdan, dərsin diqqət mərkəzində iqlim dəyişikliklərinin təsiri və uşaqların öz yaşadıqları ətraf mühiti qoruma yollarını necə inkişaf etdirə biləcəyi məsələsi dayanır.
Layihə çərçivəsində hazırlanmış tədris materialları əsasında keçirilən dərslərin ölkəmizin məktəblərində də tədris olunması məqsədilə sözügedən materiallar IDEA və UNICEF tərəfindən Azərbaycan dilində hazırlanıb və dərc edilib.
AZƏRTAC-a xəbər verir ki, Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) iştirakı ilə sentyabrın 24-dən başlayaraq bir həftə Bakı və Xaçmazın 20 orta məktəbinin müəllimləri üçün “Dünyanın ən böyük dərsi”nin tədrisi üzrə təlimlər təşkil ediləcək. Sonra təlim keçmiş müəllimlər tərəfindən sözügedən dərsin öz şagirdlərinə keçirilməsi nəzərdə tutulur. Sonda layihədə iştirak etmiş məktəblər “World’s Largest Lesson” internet səhifəsində yerləşən dünya xəritəsində işarələnir. Təşəbbüs Təhsil Nazirliyi, UNICEF və IDEA-nın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçiriləcək yekun mərasimlə başa çatacaq.
TİPİİ-nin direktoru Vəfa Yaqublu jurnalistlərə bildirib ki, iki gün davam edəcək seminara paytaxtın 10 məktəbindən 20 müəllim dəvət edilib. Onlar coğrafiya və biologiya müəllimləridir: “Seminarın məqsədi həmin müəllimlər vasitəsilə bütün uşaqlara dayanıqlı inkişaf məqsədlərini çatdırmaqdır. Bu barədə kiçik bir maarifləndirmə kampaniyası həyata keçirmək istəyirik. Bildiyimiz kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-ci ildə qəbul olunub. Azərbaycan da bu təşəbbüsə daxil olan ölkələr sırasındadır. İnstitutda məktəblilər arasında maarifləndirici dərs icmalları tərcümə edilərək şagirdlərə öyrədilməsi üçün müəllimlərə təqdim olunub. Bugünkü seminarın əhəmiyyəti gücümüzü UNICEF və IDEA ilə birləşdirməyimiz və daha da təkmilləşdirilmiş şəkildə müəllimlərin qarşısına çıxmağımızdır”.
2015-ci ildən başlanmış “Dünyanın ən böyük dərsi” təşəbbüsü üzrə indiyə kimi 130-dan çox ölkədən olan milyonlarla uşaq və gənc Dayanıqlı İnkişaf Məqsədləri, o cümlədən qarşıya qoyulmuş ekoloji, sosial və iqtisadi çağırış və hədəflər haqqında məlumatlandırılaraq bu məqsədlərə nail olunmasında necə iştirak edə biləcəklərini öyrəniblər.

Ekologiya 2018-09-24 18:19:00