×
A
A
A
Sazlamalar

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi artıb

Bakı, 24 sentyabr, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 157 kubmetr olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 67 kubmetr təşkil etməklə ongünlük normanın 48 faizinə bərabər olub.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 72 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 12,5 kubmetr təşkil edərək ongünlük normanın 13 faizinə bərabər olub.
Sentyabrın 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 4, Salyanda 6, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 12 santimetr azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 342 (2017-ci il sentyabrın 24-də 324 sm), Şirvanda 211 (2017-ci il sentyabrın 24-də 195 sm), Salyanda 177 (2017-ci il sentyabrın 24-də 129 sm), Bankədə 188 (2017-ci il sentyabrın 24-də 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 santimetrə (2017-ci il sentyabrın 24-də 53 sm) bərabərdir.

Ekologiya 2018-09-24 17:11:00