×
A
A
A
Sazlamalar

Dörd ölkənin opera ulduzları eyni səhnəni bölüşəcək

Bakı, 24 sentyabr, AZƏRTAC
Oktyabrın 20-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operası təqdim ediləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Toska partiyasını ifa etmək üçün Türkiyənin populyar vokalçısı, tanınmış opera müğənnisi Mine Kurtoğlu dəvət olunub. Mine Samsun Dövlət Opera və Balet Teatrının aparıcı solisti, bir sıra beynəlxalq vokal müsabiqələrinin qalibidir. O həmçinin 2018-ci ildə Bakıda keçirilən Vokalçıların Bülbül adına VII Beynəlxalq Müsabiqəsində parlaq çıxışı ilə yadda qalıb. İstedadlı vokalçı həmin müsabiqənin Qran-Pri mükafatına layiq görülüb.
Tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Andrey Romanenko əsas partiyalardan birini - Kavaradossi partiyasını ifa edəcək. Bakılı operasevərlərin dəfələrlə parlaq ifasına şahid olduqları digər bir ulduz vokalçı - Belarus Milli Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov isə operada Skarpia rolunda çıxış edəcək.
Səhnə əsərində Azərbaycanın istedadlı opera müğənniləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov və Əliəhməd İbrahimov da iştirak edəcəklər.
Operanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Teatr və kino 2018-09-24 16:48:00