×
A
A
A
Sazlamalar

Yaponiya hökumətinin dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib

Balakən, 24 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən rayonunun Mahamalar kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində həyata keçirilən “Su təchizatı sisteminin tikintisi” layihəsinin icrası uğurla başa çatıb.
Sentyabrın 24-də bu münasibətlə keçirilən mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori, rayon rəhbərliyi və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə rayon icra hakimiyyəti arasında əməkdaşlığın uğurla davam etdiyini, qrant yardımı proqramı çərçivəsində indiyədək Balakəndə bu layihə də daxil olmaqla, ümumi dəyəri 389 min 116 ABŞ dolları olan 4 layihənin reallaşdığını diqqətə çatdırıb.
Səfir Teruyuki Katori bildirib ki, bütün dünyada “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı”nın 30 illiyinin qeyd olunduğu bir zamanda Balakən rayonunun iki kəndində su təchizatı ilə bağlı layihənin icra edilməsi sevindirici haldır. Bu layihələrin icrası nəticəsində rayonun Mahamalar və Hənifə kəndlərinin əhalisinin içməli su ilə təminatı daha da yaxşılaşacaq.
Diqqətə çatdırılıb ki, Yaponiya hökumətinin bu layihə üzrə ayırdığı qrant yardımının ümumi məbləği 88 min 979 ABŞ dolları təşkil edir.
Kəndin su təchizatı sisteminin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları layihə çərçivəsində görülən işlərlə tanış olublar.

Regionlar 2018-09-24 16:47:00