×
A
A
A
Sazlamalar

Moldova prezidenti Konstitusiya Məhkəməsinin qərarını qanunsuz adlandırıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Moldova Prezidenti İqor Dodon qanunsuz qərarlar qəbul edən Konstitusiya Məhkəməsinin və bunun arxasında duran siyasətçilərin məsuliyyətə cəlb olunacağını bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İqor Dodon bunu Konstitusiya Məhkəməsinin prezidentin icazəsi olmadan hökumətə yeni təyinatlar etməyə imkan verən qərarını “Facebook” sosial şəbəkəsində şərh edərkən deyib.
Ötən həftə parlamentə və hökumətə nəzarət edən Moldova demokratik partiyası Nikolay Çubuku kənd təsərrüfatı, regional inkişaf və ətraf mühit naziri, Silviya Radunu isə səhiyyə, əmək və sosial müdafiə naziri təyin etdiyi barədə qərarını açıqlayıb. İqor Dodon əvvəlki nazirlərin istefasını qəbul etsə də, yeni təyinatları təsdiqləməyib. Lakin Baş nazir Pavel Filip başqa namizədləri irəli sürməyərək Konstitusiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, Moldova Konstitusiya Məhkəməsi sentyabrın 24-də prezidentin səlahiyyətlərini müvəqqəti dayandıraraq, hökumətdə iki naziri onun əvəzinə qərbyönümlü koalisiyaya nəzarət edən parlament sədrinin, yaxud baş nazirin təsdiqləməsi barədə qərar çıxarıb. İqor Dodon artıq dördüncü dəfədir ki, hakimiyyətdən müvəqqəti olaraq kənarlaşdırılır və bunun üçü məhz nazir təyinatları ilə bağlı olub.

 

Dünya 2018-09-24 16:38:00