×
A
A
A
Sazlamalar

Bruselyoza qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir

Bakı, 24 sentyabr, AZƏRTAC 

Azərbaycanda epizootik tədbirlər planına uyğun olaraq, iribuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı “S-19” ştammı ilə peyvəndləməsi davam etdirilir.
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu peyvəndləmə iribuynuzlu heyvanlarda göz-damla üsulu ilə aparılmaqla “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin “Heyvan sağlamlığı və baytarlıq subkomponenti” olan bruselyoz xəstəliyi əleyhinə mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.
Məlumata əsasən, sentyabrın 17-dən etibarən Dövlət Baytarlıq Xidməti və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”nin mütəxəssisləri iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmənin gedişatını, peyvəndləmənin təlimata uyğun həyata keçirilməsini və keyfiyyətini qiymətləndirmək məqsədilə Neftçala, Masallı, Salyan, Qusar, Lənkəran, Saatlı, İmişli, Ucar, Şəmkir və Qazax rayonlarında olublar.
Tədbir çərçivəsində rayonların hər birində 3-8 aylıq yaş qrupuna daxil olan, S-19 ştammı ilə peyvənd edilən, 21 gündən sonra qanında immunitetin gərginliyini müəyyən etmək üçün seroloji müayinə aparılması nəzərdə tutulan 30 baş iribuynuzlu heyvana fərdi qaydada birka (heyvanın qulağına vurulan sırğa) vurulub.
Səfər çərçivəsində peyvəndləmənin həyata keçirilməsində “soyuq zəncir” prinsipinə və təhlükəsizlik qaydalarına əməl olunmasına, xüsusi geyim formalarından və qoruyucu vasitələrdən istifadə edilməsinə, eləcə də ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün biotəhlükəsizlik torbalarından istifadə olunmasına və peyvəndləmə aparılan ərazilərin dezinfeksiya edilməsinə xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, rayon baytarlıq idarələri və sahə baytarlıq məntəqələri bruselyoz xəstəliyinə qarşı aparılan tədbirlər zamanı lazım olan avadanlıq, ləvazimat, vaksin, dezinfeksiya maddələri və xüsusi geyim vasitələri ilə təmin ediliblər.
Cari ilin ötən 8 ayı ərzində Azərbaycan ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq, ölkə ərazisində iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri aparılıb. Həmin müddət ərzində bruselyoz xəstəliyinə qarşı 1 milyon 471 min 330 baş xırdabuynuzlu heyvanda “Rev-1” vaksini ilə, 366 min 947 baş iribuynuzlu heyvanda “S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 2018-ci ilin 8 ayı ərzində 518 min 760 baş iribuynuzlu, 150 min 764 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.
Hazırda ölkə ərazisində bruselyoz xəstəliyinə qarşı peyvəndləmə və qanalma tədbirləri davam etdirilir.

 

Kənd təsərrüfatı 2018-09-24 16:39:00