×
A
A
A
Sazlamalar

Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir

Bakı, 24 sentyabr, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 2018/2019-cu tədris ilində Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, qəbul imtahanlarında yüksək nəticə göstərmələri münasibətilə tələbələri təbrik edən rektor onlara təhsillərində uğurlar arzulayıb. Rektor UNEC-də tələbələrin yüksəkixtisaslı peşəkar mütəxəssis kimi yetişmələri ilə yanaşı, Vətənini və millətini sevən layiqli vətəndaş olaraq formalaşması üçün bütün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. O, UNEC-də verilən bütün qərarların əsasında tələbələrin maraq və mənafelərinin dayandığını bildirib.
Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğu diqqətə çatdırılıb. Rektor bu il də 600-dən yuxarı bal toplayanların 63 faizinin məhz UNEC-in tələbəsi olması ilə qürur duyduğunu ifadə edib. Ə.Muradov Prezident təqaüdçülərinin təhsil aldığı Beynəlxalq İqtisadiyyat Məktəbinin ölkəmizdə ingilis dilində iqtisadyönümlü ixtisaslar üzrə ən zəngin və rəqabətsiz fakültə olduğunu xüsusi vurğulayıb.
Görüşdə UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpelye Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan abituriyentlərə 100 manat məbləğində xüsusi təqaüd, hər semestr fakültələr üzrə ən yüksək bal toplayan 15 tələbəyə isə ikinci əlaçı təqaüdü verildiyi bildirilib.
Rektor tələbələrə UNEC-in onlar üçün yaratdığı üstünlüklərdən faydalanmağı, elmi-tədqiqat işlərində, startap layihələri, beynəlxalq olimpiada və konfranslarda, universitetin ictimai-sosial həyatında fəal olmağı tövsiyə edib.
Sonda Prezident təqaüdçülərinə xatirə hədiyyələri və təqaüd kartları təqdim olunub.

 

Elm və təhsil 2018-09-24 16:26:00