×
A
A
A
Sazlamalar

Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib

Sumqayıt, 24 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Cüdo Federasiyasının Sumqayıtda yerləşən Təlim-Məşq Bazasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, SOCAR-ın və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərikimya” İstehsalat Birliyinin baş direktoru İmran Arzumanzadə bazanın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olublar.
Məlumat verilib ki, cüdo bazasının birinci mərtəbəsində kiçik idman təlim-məşq zalı, fitness zalı, məşqçi və təlimatçı otaqları, tibb otağı, iki soyunub-geyinmə otağı, təsərrüfat, sanitar qovşağı, duş və köməkçi otaqlar yerləşir. Binanın ikinci mərtəbəsində böyük cüdo idman-məşq zalı və məşqçi otaqları, üçüncü mərtəbədə isə köməkçi otaqlar əsaslı təmir edilib. Həmçinin İdman Təlim Bazasında yeni istilik və havalandırma sistemləri quraşdırılıb, binanın fasadında şüşəli vitraj, ümumi fasadda isə alkopan örtük piltələrindən üzləmə işləri aparılıb.
Həyətyanı sahədə abadlıq işləri yerinə yetirilərək yeni beton bordürlar quraşdırılıb. Ətrafda yerləşən yaşayış binaların fasadları da təmir olunub, meydança və səkilərə tamet daşı döşənib, yeni işıq dirəkləri basdırılıb.
Baza ilə tanış olan qonaqlar idman zalında Əməkdar məşqçi Yengibar Əliyevin rəhbərliyi altında şəhər yığma komandasının nümunəvi çıxışlarına baxıb və onlara yeni idman geyimləri hədiyyə ediblər.
Tədbirdə Sumqayıt şəhər idman ictimaiyyətinin nümayəndələri, həmçinin dünya və Avropa yarışlarının, Olimpiya oyunlarının mükafatçıları və ikiqat Paralimpiya Oyunları, ikiqat dünya çempionu, yeddiqat Avropa çempionu, Əməkdar idman ustası İlham Zəkiyev də iştirak edib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer tədbirdə çıxış edərək bildirib ki, cüdo idmanda olimpiya növündən daha çox insanda xarakteri tərbiyə edən, cəmiyyətin üzvlərini bir-birinə yaxınlaşdıran, cəmiyyətə inteqrasiya edən idman növüdür. “Əlbəttə yarışın çempionu olmaq vacibdir amma bundan da əhəmiyyətlisi həyatda çempion olmaqdır”, - deyən Marius Vizer bu bazanın ona çox böyük təəssürat bağışladığını diqqətə çatdıraraq ölkə federasiyasına, Gənclər və İdman Nazirliyinə və şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib. Qonaq Sumqayıt cüdoçularının bundan sonra da böyük uğurlara imza atacaqlarına əminliyin ifadə edib və onlara yeni nailiyyətlər arzulayıb.
Əməkdar bədən tərbiyəsi və idman xadimi, məşqçi Əhməddin Rəcəbli Sumqayıt cüdoçularının bütün beynəlxalq yarışlarda – dünya və Avropa çempionatlarında həmişə yüksək nəticələr göstərərək Vətənə yüksək mükafatlarla qayıtdıqlarını bildirib. O, bütün lazımi avadanlıqlarla təchiz olunmuş, gözəl təmir edilmiş bazanın ölkəmizdə cüdo idman növünün inkişafına yeni töhfələr verəcəyini əminliklə vurğulayıb. Ə.Rəcəbli yaradılan şəraitə görə idmançılar adından ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirib.

Regionlar 2018-09-24 16:22:00