×
A
A
A
Sazlamalar

Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olub

Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, premyerada dövlət və hökumət nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak diblər. Tanınmış rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır.
Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Yeni yaradıcılıq işində teatrın aktyorları - Əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə Şahvələdqızı , Füzuli Hüseynov Rövşən Kərimduxt , Xalq artistləri Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm Rüstəmov və Vüsal Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov və Mehman Fətullayev çıxış ediblər.
Əsəri Azərbaycan dilinə yazıçı Etimad Başkeçid tərcümə edib.
Tamaşa sinif yoldaşlarının 20 il sonrakı görüşü, yaxud insan mənəviyyatının deqradasiyası haqqındadır. Müharibədən, eyni zamanda həyatın müxtəlif imtahanlarından çıxan sinif yoldaşları müharibə əlili İvanın ad günündə təkcə sosial vəziyyətlərindəki böhranı göstərmir, eyni zamanda mənəvi simalarını hansı şəkildə itirdiklərini də tamaşaçıya nümayiş etdirirlər. “Sinif yoldaşları” tamaşası təkcə ölkəmizin mədəni həyatındakı hadisə deyil, eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan növbəti uğurlu addımdır.
Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.
Qeyd edək ki, Yuri Polyakov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı fövqəladə vəziyyət”, “Süddə çəpiş” romanları ilə məşhurlaşıb. Əsərləri əsasında iyirmiyə yaxın bədii film çəkilib, pyesləri çoxlu sayda teatr səhnələrində tamaşaya qoyulub.
“Lenin komsomolu”, “N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə”, “Dostluq” və “Şərəf” ordenləri ilə təltif olunub. Moskvada nəşr olunan “Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının sədridir.

Teatr və kino 2018-09-24 16:13:00