×
A
A
A
Sazlamalar

Culfa rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə olunub


Culfa, 24 sentyabr, AZƏRTAC

Culfa rayonu üzrə cari ilin ilk 8 ayında, ümumilikdə, 4 min 648 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 1002-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 2438-i isə daşınmaz əmlakın icbari sığortası üzrədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Culfa Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Şükür Babayev çıxış edərək son dövrdə Culfada sığorta fəaliyyəti sahəsində görülmüş işlər haqqında danışıb.
Sonra Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxış edərək müasir dövrdə muxtar respublikada sosial-iqtisadi inkişafın dinamikasına uyğun olaraq sığorta işinin də genişləndiyini bildirib. O qeyd edib ki, vətəndaşlar sığorta olunmaqla sığorta hadisələri baş verdiyi zaman sağlamlığa, daşınmaz əmlaka, avtomobillərə, kənd təsərrüfatı məhsullarına dəymiş maddi zərərlərə qarşı təminat alırlar. Bu da onların təhlükəsizlik təminatı baxımından çox əhəmiyyətlidir. Ölkəmizdə qüvvədə olan mövcud qanunlara əsasən vətəndaşlara və sahibkarlara məxsus daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari qaydada sığortalanması həyata keçirilir. Gözlənilməz hadisələrə qarşı sığorta olunmaq və belə hallar baş verdikdə vətəndaşların onlara dəymiş zərərlərə görə sığorta ödənişləri almaq hüquqları qanunla təmin edilir.
Culfa rayonunda həyata keçirilən sığorta növləri üzrə görülmüş işlər təhlil edilərək bildirilib ki, ötən müddətdə bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Nəzərə çatdırılıb ki, ölkəmizdə qüvvədə olan qanunvericiliyə əsasən icbari qaydada sığorta olunmalı bütün obyektlərin sığortası təmin edilməlidir. Bu məqsədlə vətəndaşlar arasında sığorta maarifləndirilməsi işlərinə diqqətin daha da artırılması zərurəti vurğulanıb. Könüllü sığorta növlərinin, o cümlədən kənd təsərrüfatının, ev əmlakının sığortası, fərdi qəza sığortasının əhəmiyyətinə toxunan baş direktor deyib ki, bunlar son nəticədə vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ona görə də könüllü sığortalar sahəsində aparılan maarifləndirmə və təşkilati işlər genişləndirilməlidir.
Tədbirdə Culfa Rayon Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Nadir Təhməzbəyov, rayon polis şöbəsi dövlət yol polisi qrupunun baş dövlət avtomobil müfəttişi, polis baş leytenantı Taleh Alışarov görülmüş işlər barəsində məlumat veriblər.

Regionlar 2018-09-24 16:05:00