×
A
A
A
Sazlamalar

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki regional mərkəzi tərəfindən səyyar xidmətlər təşkil olunub

Bakı, 22 sentyabr, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Şəki regional mərkəzi şimal-qərb bölgəsinin vətəndaşlarını ümumvətəndaş pasportu ilə təmin olunması işini həyata keçirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəz Şəkidə yerləşsə də, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə həftənin bazar ertəsindən şənbə gününə qədər Zaqatala və Balakən, şənbə günü isə Qax rayonuna səyyar xidmətlər təşkil edilir. Cari ildə regional mərkəzdə 4810, səyyar xidmətlər zamanı 8238 sənəd toplanılıb.
Vətəndaşların pasport ilə təmin olunması işi şəffaflıq, aşkarlıq prinsipləri əsasında həyata keçirilir. Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun müddətdə (1, 5 və ya 10 iş gününə) hazırlanır və təqdim olunur. Pasport üçün fotolar regional şöbədə, eləcə də səyyar xidmət zamanı xüsusi biometrik standartlara uyğun şəkildə, ödənişsiz çəkilir. Keçirilmiş tədbirlər zamanı əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmır. Polis əməkdaşları onların yaşadıqları ünvana gedir, müvafiq sənədlər toplanılır və pasport hazır olduqdan sonra onlara təqdim olunur.
Göstərilən xidmətdən vətəndaşlar da məmnun qalır, əlavə xərc çəkmədən öz rayonlarında sənədlərini asanlıqla ala bildikləri üçün minnətdarlıqlarını bildirirlər.

Sosial 2018-09-22 16:57:00