Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qusarda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev, ilahiyyatçı ekspert Vüqar Hümmətov, eləcə də dindarlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ceyhun Hacıyev keçirilən bu cür tədbirlərin xüsusilə gənclərin maarifləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov azərbaycançılıq ideologiyası haqqında danışıb, mənəvi dəyərlərimizin bu ideologiyanın tərkib hissəsi olduğunu qeyd edib. O, həmçinin gənclərin mənəvi dəyərlərə bağlı ruhda formalaşdırılmasının önəminə də toxunub.
İlahiyyatçı ekspert Vüqar Hümmətov milli-mənəvi dəyərlərin qorunaraq gələcək nəslə çatdırılmasının vacibliyini qeyd edib. V.Hümmətov ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki fəaliyyəti barədə də danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyinə tədbirin keçirilməsinə görə təşəkkürünü bildirib, bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
Mövzu ilə bağlı Qusar şəhəri "Mustafa Kazdal" məscidi dini icmasının sədri və imamı Feryaddin Rəhimxanov da çıxış edib.

Din 2018-09-21 20:16:00