×
A
A
A
Sazlamalar

Bilik Fondu Xalq Cümhuriyyətinə həsr olunan tədbirlər keçirib

Bakı, 20 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı 2018-ci il 10 yanvar tarixli Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirlərin keçirilməsini davam etdirir.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində belə tədbirlərdən biri Tərtərdəki Qarabağ Regional Bilik Evində keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov Qarabağ bölgəsində mütəmadi maarifləndirici görüşlər təşkil etdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib.
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizin təbliği istiqamətində “Mədəni maarifləndirmə” proqramı çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Tədbirdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib, Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviçin “Cümhuriyyət tariximiz kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. Filmin yaradıcı heyəti iştirakçıların suallarını cavablandırıb.
Cümhuriyyətin 100 illiyi ilə bağlı növbəti maarifləndirici tədbir Şəmkir Bilik Evində keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Davud Süleymanov Azərbaycan tarixinin şərəfli səhifəsi olan Cümhuriyyət dövründən danışıb, gəncləri bu dövrü dərindən öyrənməyə çağırıb.
Fondun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövrü mətbuatı” mövzusunda mühazirəsində Azərbaycanda ictimai şüurun formalaşmasında, özünüdərkin güclənməsində mətbuatın rolundan ətraflı bəhs edib.
Tədbir çərçivəsində ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan digər bir ekran əsəri - “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub. Filmin yaradıcı heyəti ilə iştirakçılar arasında geniş və maraqlı fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2018-09-20 12:12:00