×
A
A
A
Sazlamalar

Dini maarifləndirmə ilə bağlı tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır

Bakı, 18 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zirə qəsəbəsində “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini yüksək qiymətləndirib. O, eyni zamanda, İslam dəyərlərinin öyrənilməsi və düzgün təbliğ olunması istiqamətində rayonda həyata keçirilən işlərin nəticələrindən bəhs edib. Bildirib ki, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində və özünüdərkində mühüm əhəmiyyət daşıyır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, İslam yarandığı ilk əsrdən başlayaraq bu günə qədər xalqımızın böyük əksəriyyətinin ibadət etdiyi din olmaqla yanaşı, həm də respublikamızda yüz illərlə formalaşan milli mənəvi dəyərlərin əsasını təşkil edir. Komitə sədri ümummilli lider Heydər Əliyevin Azərbaycanın özünəməxsus dövlət-din münasibətləri modelinin formalaşdırılmasında, eləcə də milli mənəvi dəyərlərin qorunub saxlanılmasında əvəzsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ulu Öndər zəngin irsimizi, mədəniyyətimizi və adət-ənənələrimizi yaşatmaq üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli Liderin siyasətinin davamı olaraq bu gün Prezident İlham Əliyev milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ və təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.
İslami dəyərlərin təbliğində dini maarifçiliyə geniş yer ayrıldığını diqqətə çatdıran komitə sədri bildirib ki, cəhalət, xurafat olan yerdə mütləq dini radikalizm baş qaldırır. Dini radikalizmin yaranması üçün mühit olmamalıdır. O mühitin olmaması üçün isə elm, təhsil mütləqdir. Aşura mərasimlərindən də danışan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu mərasimlərin qanun çərçivəsində, qanunvericiliyin tələblərini gözləməklə keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Milli Məclisin deputatı Rauf Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək bildiriblər ki, dini maarifləndirmə ilə bağlı keçirilən tədbirlər radikal düşüncə tərzinin formalaşmasının qarşısını alır. Vurğulanıb ki, bu cür tədbirlər, eyni zamanda, gənclərin mənəviyyatının zənginləşməsinə də təkan verir.
QMİ-nin səlahiyyəti nümayəndələri Soltan Əlizadə və Şünasi Məmmədyarov çıxışlarında dövlətin dinə və dindarlara qayğısından bəhs ediblər. Onlar buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Din 2018-09-18 17:07:00