×
A
A
A
Sazlamalar

Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb

Bakı, 18 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın genişləndirilmiş iclası keçirilib.
Tarix İnstitutundan AZƏRTAC-a bildirilib ki, iclasda Türkiyənin görkəmli tarixçi alimi, professor İlber Ortaylı iştirak edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, İ.Ortaylı türk dünyasının böyük tarixçilərindən biridir. O, sanballı əsərləri və araşdırmaları ilə tarix elminin inkişafına böyük töhfələr verib.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, İ.Ortaylı 2012-ci ildən bu institutun fəxri doktorudur. O, bu fəxri ada türk dünyası tarixinin araşdırılmasında və təbliğ olunmasında göstərdiyi böyük xidmətlərinə görə layiq görülüb.
Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan Y.Mahmudov Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıb. “Azərbaycan Milli Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib. Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, o cümlədən könüllü xalq dəstələri, görkəmli hərbi xadimlərimiz Əliağa Şıxlinski, Həbib bəy Səlimov və başqaları fəal iştirak ediblər. Türkçülüyün vətəni Azərbaycandır. Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb”, - deyə Y.Mahmudov vurğulayıb.
Çar Rusiyası tərəfindən əsir götürülən türk əsgərlərinin çoxunun Hacı Zeynalabdin Tağıyev sayəsində azad edildiyini bildirən İ.Ortaylı deyib: “Qafqaz İslam Ordusu könüllülər ordusu idi. Osmanlı imperiyası Birinci Dünya müharibəsində Çanaqqala, Kutulamare və Bakıda üç böyük qələbə qazanıb”.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qeyd edib ki, Azərbaycan və Türkiyə ən ağır dönəmlərində bir-birlərinə dəstək olublar. Səfir deyib:“Bundan 100 il əvvəl baş verənlər Nəriman Nərimanovun Mustafa Kamal Paşaya 1921-ci ildə göndərdiyi məşhur məktubunda dediyi kimi, “qardaşın qardaşa borc verməyəcəyini, qardaşın qardaşın əlindən tutacağını” göstərib”.
E.Özoral sentyabrın 15-də Bakı şəhərinin azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən paradı Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi hesab edib.
Sonda Y.Mahmudov qonağa Tarix İnstitutunun nəşrlərini - ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”, “Real tarix və “böyük Ermənistan” uydurması”, “Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır” kitablarını hədiyyə edib.

Elm və təhsil 2018-09-18 12:05:00