×
A
A
A
Sazlamalar

Cümhuriyyət 100: Azərbaycan Dövlət Bankı necə yarandı, yaxud liberallar sosialistlərə qarşı

Bakı, 18 sentyabr, AZƏRTAC
1918–ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycanda Dövlət Bankının qurulması zəruri məsələ idi. Bu məqsədlə Azərbaycan hökuməti dövlət bankının qurulması üçün layihə hazırlayıb parlamentə təqdim edir. Parlamentin 1919–cu il avqustun 18-də toplanan iclasında müzakirə ediləcək məsələlər içində Dövlət Bankının qurulması məsələsi də yer almışdı. Həmin il sentyabrın 18-də Dövlət Bankının qurulması ilə əlaqədar qanun layihəsi rəsmiləşir, maliyyə və büdcə komissiyası tərəfindən məclisin müzakirəsinə verilir. Sosialist blokun müxalifət mövqe tutmasına baxmayaraq, Dövlət Bankının qurulması ilə əlaqəli məsələlər öz həllini tapır.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Azərbaycan Dövlət Bankının tarixi ilə bağlı apardığı tədqiqatlara dair qeydlərini təqdim edir.
Parlament qarşısında çıxış edən Rza bəy Ağabəyli ölkənin iqtisadi və maliyyə vəziyyətini analiz edərək, dövlət bankının qurulmasının labüd məsələ olduğunu vurğulamışdı. “Dövlət Bankının yaradılması ölkənin iqtisadi həyatını tənzimləmək zərurətindən doğmuşdur” sözləri ilə çıxışına başlayan Rza bəy Ağabəyliyə görə, tənzimləyici dövlət maliyyə qurumu olmadıqca, iqtisadi həyat normal qaydaya düşməyəcək. Ölkənin iqtisadi inkişafını təmin etmək yeni qurulan dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir.
Bölgənin mühüm sənaye, ticarət və tranzit mərkəzi olan Bakıda kredit verən qurumlar olsa da, onlar əlaqələndirici və tənzimləyici mərkəzi müəssisə qurmaq qabiliyyətində deyildilər. Rza bəy Ağabəylinin də bildirdiyi kimi, bu vəzifəni yalnız Dövlət Bankı yerinə yetirə bilərdi. Digər tərəfdən, xalq bank və kiçik kredit müəssisələrinə olan inamını itirmiş, onlara pul qoymağa ehtiyat edirdi. Nəticədə ciddi maddi sərvət xalqın əlində tədavüldən uzaq tutulmuş, bu səbəbə görə də dövlət yeni kağız pullar çap etdirmək məcburiyyətində qalmışdı.
Bu maliyyə siyasəti rus rublunun yerinə keçən Azərbaycan manatının iştirak qabiliyyətini gündən-günə düşürərək iflasına səbəb olacaqdı. Bütün Rusiya miqyasında Birinci Dünya Müharibəsi nəticəsində pozulan maliyyə və iqtisadi nizam inqilab illərində tamamilə alt–üst olmuşdu. Qafqaz respublikaları milli pul vahidlərinə keçmişdi. Beləliklə, milli pul vahidinin ortaq “Qafqaz valyutası” ətrafında tənzimlənməsi və dünya pul sistemlərindən birinə bağlanması zərurəti yaranmışdı.
Milli, siyasi və iqtisadi tariximiz üçün mühüm hadisə Azərbaycan adının uzun zamandan sonra dövlət atributu olan pullarda 3 dildə, əski əlifba ilə doğma dildə, kiril əlifbası ilə rus dilində və latın əlifbası ilə fransız dilində göstərilmiş olması idi.
Dövlət Bankına qoyulacaq pullara dövlət təminatı və zəmanəti veriləcəkdi. Bu bank kiçik kredit verməklə, tənəzzül yaşayan sahələrdə iqtisadi fəaliyyətin canlanmasına nail olacaqdı. Qanun layihəsinin Azərbaycan Dövlət Bankının vəzifələrinə aid hissəsində qeyd olunurdu ki, Ticarət Bankından daha geniş bir fəaliyyət sahəsinə malik olacaq bu bank pul çap edə, xarici banklarla müqavilə bağlaya, əməkdaşlıq edə bilər. Dövlət Bankının daxili nizamnaməsinə görə, banka rəhbərliyi xüsusi sərmayə və kapital sahiblərinin də iştirakı ilə Şura həyata keçirəcəkdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk kağız pulları Dövlət Bankı tərəfindən 1919-cu il martında 100 manatlıq, mayında 250 manatlıq, 1920–ci ilin yanvarında isə 500 manatlıq tədavülə buraxılmışdı. Bundan əlavə 10, 25, 50 manatlıqlar da çap olunmuşdu. 1919–cu ilin avqustunda isə 100 min ədəd qiymətli kağız – istiqrazlar dövriyyəyə buraxılmışdı.
Sosialistlərin də etiraz etdiyi məqam bu idi. Dövlət Bankının yaradılmasının əleyhinə olmamaqla yanaşı, kəndli və fəhlələrə məxsus kiçik kredit müəssisələrini uyğun görən sosialistlər, Dövlət Bankında xüsusi sərmayə sahiblərinin iştirakına etiraz edirdilər. Layihəni müdafiə edən hökumət partiyası kiçikmiqyaslı xalq və kəndli kredit bankları üçün də layihələr hazırlandığını bildirsə də, bu kredit banklarının Dövlət Bankı olmadan qurula bilməyəcəyini də anlayırdılar. Xüsusi sərmayənin iştirakına gəlincə, bu məsələ milliyyətçi və demokrat bir hökumət üçün vacib bir məsələ idi. İdxalatı 90 milyon, ixracatı 300 milyon qızıl rublu olan bir ölkənin sərvəti milli sərhədlər xaricində qala bilməzdi.
Liberal bir iqtisadi siyasət yürüdən hökumət nəzarəti əlində saxlamaq şərtilə, xüsusi sərmayəyə geniş bir sərbəstlik və güvən təmin edilməsinə tərəfdar idi. Milli Dövlət Bankına dair qanun layihəsi müzakirə edilərkən sosialist və liberal olmaqla iki nöqteyi-nəzərdən ikincisi qalib gəlmiş və 1919–cu il sentyabrın 30-da Dövlət Bankı açılmışdı. Bankın təntənəli açılışında Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev də iştirak etmişdi.
Azərbaycan Dövlət Bankına rəhbərlik etmək maliyyə nazirinin müavini Mark Mixayıloviç Abequza həvalə olunmuş və Həsənbəy Fəttəhov onun müavini təyin edilmişdi. Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə, Cümhuriyyət dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdi. 1918–1920–ci illərdə pul vahidlərinin adları Azərbaycan dilində manat, rus dilində isə rubl verilmişdi. Burada məqsəd uzun illər Rusiya kağız puluna öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Cümhuriyyət puluna etimadını qazanmaq idi. Beləliklə, Cümhuriyyət 23 ay yaşasa da, milli dövlətçilik tariximizdə böyük və dərin izlər qoymağa nail olmuşdu.

CÜMHURİYYƏT - 100 2018-09-18 08:50:00