Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İndoneziya universitetlərindən birində Azərbaycan Mədəniyyət Mərkəzi yaradıla bilər

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla İndoneziya Respublikasının mədəniyyət və təhsil naziri Mühacir Əfəndi ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, K.Abdulla ADU-da fəaliyyət göstərən İndoneziya Araşdırmalar Mərkəzi haqqında qonağa məlumat verib. Rektor rəhbərlik etdiyi ali məktəbin İndoneziyanın ölkəmizdəki səfirliyi ilə sıx əməkdaşlığından söz açıb.
K.Abdulla İndoneziya universitetlərindən birində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması təklifi ilə çıxış edib, belə bir mərkəzin yaradılmasının münasibətlərin inkişafına, Azərbaycan və İndoneziya mədəniyyətinin, tarixinin öyrənilməsinə ciddi töhfə verəcəyini bildirib.
Nazir Mühacir Əfəndi yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O deyib ki, İndoneziya universitetlərindən birində Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması ideyasını bəyənir və dəstəkləyir. Qonaq bu mərkəzin yaradılmasının faydalı əməkdaşlıq üçün əhəmiyyətini qeyd edib, həmçinin iki ölkə arasında tələbə mübadiləsinin vacibliyini vurğulayıb.

Elm və təhsil 2018-09-14 20:33:00