Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AzTU-da “Tvininq” layihəsi çərçivəsində növbəti görüş

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanda təhsilin keyfiyyət göstəricisinin artırılması üzrə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Tvininq layihəsinin işçi qrupu ilə görüş keçirilib. Görüşdə Fransanın Strasburq Universitetinin professoru Flip Turek, “Tvinninq” layihəsinin əlaqələndiricisi Lisa Baydanova, layihə üzrə beynəlxalq ekspert Asnate Kozoka və başqaları iştirak ediblər.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov qonaqlara Azərbaycanda texniki ali təhsil və mövcud təcrübə ilə bağlı, eyni zamanda, universitetin elmi potensialı, tədris istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.
Görüşdə ali təhsillə bağlı Avropa təcrübəsi, həmin təcrübənin Azərbaycanda tətbiqi imkanları, həmçinin kadr potensialının düzgün formalaşdırılması üçün həyata keçirilən sistematik işlər, tələb və təklifin düzgün müəyyənləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Avropa İttifaqı (Aİ) ölkələrinin universitetlərində kadr hazırlığı işəgötürənin sifarişi əsasında həyata keçirilir. Belə ki, Aİ-nin müxtəlif ölkələrində İşəgötürənlər Konfederasiyasının missiyasını həyata keçirən qurumlar ildə bir dəfə toplanaraq hansı istiqamətdə nə qədər kadra ehtiyac olduğunu müəyyənləşdirir. Həmin nəticəyə əsasən universitetlərdə kadr hazırlığı aparılır.
Kadr hazırlığının düzgün və səmərəli həyata keçirilməsi üçün Azərbaycanda önəmli addımlar atıldığına diqqət çəkən professor S.Namazov bildirib ki, ölkəmizdə dövlət və dövlətin sifarişi ilə yerli və xarici agentliklər tərəfindən keçirilən sorğular nəticəsində son illər bir neçə ixtisas əmək bazarının tələblərinə uyğunlaşdırılıb.
Görüşdə, həmçinin Azərbaycanda bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsilin inkişafında əldə olunan uğurlar və mövcud problemlərin aradan qaldırılması məsələləri müzakirə edilib.

Elm və təhsil 2018-09-14 19:22:00