×
A
A
A
Sazlamalar

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinə aid materiallar sərgilənib

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “AXC-100. İstanbul-Bakı – toxunula bilən arxivlər” mövzusunda təqdimat təşkil olunub.
MEK-dən AZƏRTAC-a bildirilib ki, tədqiqatçı jurnalist Dilqəm Əhməd tərəfindən keçirilən təqdimat Türkiyə arxivlərində AXC və mühacirət tarixinə aid araşdırmaların əsasında hazırlanıb.
Tədbirdə D.Əhməd AXC ilə bağlı sərgilərin təşkilinin ənənəvi hal aldığını deyib. O, tədbir çərçivəsində nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti barədə də geniş məlumat verib.
Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi üç açıqca, beş orijinal foto, öz imzası ilə “Nizami” kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, AXC-nin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və fotolar, Cümhuriyyətə və mühacirət tarixinə aid nadir materiallar sərgilənib.
Qeyd edək ki, MEK Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən müxtəlif tədbirlər həyata keçirir. Kitabxanada AXC-yə aid sənədlər elektron kataloqa salınaraq Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırılan MRY bazasında yerləşdirilib.

Elm və təhsil 2018-09-12 16:07:00