×
A
A
A
Sazlamalar

Cəlilabadda dini icmaların nümayəndələri ilə görüş keçirilib

Bakı, 10 sentyabr, AZƏRTAC
Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə “Dini radikalizmlə mübarizədə birgə fəaliyyət”, “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nikah və onun fəsadları” mövzusunda görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev tədbirdə çıxış edərək belə görüşlərin əhəmiyyətindən danışıb. O bildirib ki, din xadimlərinin cəmiyyətdə çox böyük rolu var və bu görüş dini icmaların gələcək fəaliyyəti baxımından mühüm önəm kəsb edir. Ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, din hər zaman dövlətin dayağı kimi çıxış edib.
M.Quliyev ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə, həmçinin narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan geniş bəhs edilib. Narkomaniyaya qarşı hüquq mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışılıb.
Sonda polis rəisi tərəfindən tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, şikayətlər dinlənilib.
Rayon məscidində təşkil olunan görüşdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri və rayon ağsaqqalları iştirak ediblər.

Din 2018-09-10 14:15:00