×
A
A
A
Sazlamalar

Muzeydə məktəblilər üçün “Üzeyir Hacıbəyli.Cümhuriyyət-100” mövzusunda söhbət keçirilib

Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Üzeyir Hacıbəylinin ev-muzeyində bəstəkarın xatirəsinə həsr edilmiş “Üzeyir Hacıbəyli. Cümhuriyyət-100” mövzusunda söhbət keçirilib.
AZƏRTAC xəbər verir ki, “AYTAM” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılğı ilə keçirilən tədbirdə muzeyin eksponatları ilə tanış olan məktəblilərə dahi bəstəkarın Cümhuriyyət dövründəki fəaliyyətindən, o dövrdə yazdığı əsərlərdən söhbət açılıb.
Muzeyin direktoru, əməkdar incəsənət xadimi, professor Sərdar Fərəcov “Üzeyir Hacıbəyli və uşaqlar” mövzusunda maraqlı söhbət açıb. O, dahi bəstəkarın gələcəyimiz olan gənc nəslə qayğısından, onların şəxsiyyət kimi formalaşmalarında, musiqimizə sahib çıxmalarında göstərdiyi fədakarlıqdan danışıb. Üzeyir bəyin Cümhuriyyət illərində həm bəstəkar, həm ictimai xadim, həm qələm adamı kimi “Azərbaycan” qəzeti səhifələrində dərc olunan yazılarının hələ gəncliyində ona şöhrət gətirdiyi vurğulanıb. S.Fərəcov Ü.Hacıbəylinin hələ gimnaziyada təhsil aldığı vaxt ilk dəfə xalq mahnı və təsniflərini xor üçün işlədiyini bildirib.
Qeyd olunub ki, Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırıb.
Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilib.
O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.
S.Fərəcov bu böyük bəstəkardan dərs almış bir çox tanınmış musiqi xadimlərindən, eləcə də vaxtilə onun qonşuluğunda yaşamış insanlara münasibətindən də ibrətamiz əhvalatlar danışıb.
Tədbirdə “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, şair-publisist Zərəngiz Qayalı və digər çıxış edənlər Üzeyir bəy dühasının təkcə Azərbaycan və türk xalqları tərəfindən deyil, Yaxın Şərqdə və dünyada tanındığını vurğulayıblar.
Sonda S.Fərəcov məktəblilərin suallarını cavablandırıb.

Mədəniyyət 2018-08-31 19:11:00