×
A
A
A
Sazlamalar

Siyəzəndə dini radikalizmlə mübarizəyə dair ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 30-da Siyəzəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Siyəzən RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov rayondakı dini durum və dini icmaların fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, dini radikalizmlə mübarizə müasir dövrün ən mühüm məsələlərindəndir və Dövlət Komitəsinin keçirdiyi maarifləndirmə istiqamətli bu kimi seminar-müşavirələr alqışalayiqdir. O, diqqətə çatdırıb ki, Azərbaycanda qəbul edilmiş qanunlar, hüquqi normativ aktlar dinindən və məzhəbindən asılı olmayaraq hər kəsin vicdan azadlığını tam təmin edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdəki dini durumla bağlı geniş məruzə ilə çıxış edib. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri modelinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün respublikamız bütün dünyada tolerantlığın, birliyin və qardaşlığın qorunub saxlandığı nadir ölkələrdən birinə çevrilib. Bütün dinlərə məxsus abidələr təmir olunur, bərpa edilir və bu işdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da yaxından iştirak edir.
Dini radikalizm, onunla mübarizə metodları haqqında da danışan S.Salahlı bildirib ki, Dövlət Komitəsinin keçirdiyi bu cür tədbirlər cəmiyyətdə dini bilgilərin artırılması baxımından çox əhəmiyyətlidir. Milli mənəvi dəyərlərimizin qorunub-saxlanılması, milli-dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi tendensiyalarla mübarizədə ən effektli yollardan biri maarifləndirmədir. Bu mənada dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşür. Din xadimlərimiz dini radikalizmə, xurafata gətirib çıxaran məsələlərin qarşısını almaqla yanaşı, gənc nəsli milli mənəvi dəyərlərə hörmət və ehtiram ruhunda yetişməsində fəal olmalıdırlar. Çünki ölkəmizdəki sabitliyi, dincliyi, dünya miqyasında qazandığımız uğurları heç cür qəbul edə bilməyən müəyyən dairələr gecə-gündüz fəaliyyətdədirlər və onların əsas hədəfi milli-dini zəmində ayrı-seçkilik yaratmaq, gənclərimizi də bu məkrli planlarına alət etməkdir. Ötən əsrin 90-cı illərində həmin qüvvələrin milli zəmində salmaq istədikləri qarşıdurmanı xalqımız öz müdrik oğlu Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşməklə dəf etdi. Buna görə də indi pozuculuq fəaliyyətlərini dini sahəyə istiqamətləndiriblər. Bu, həm də Yaxın və Orta Şərqdə sınaqdan “uğurla” çıxardıqları variantdır. Ancaq biz dünyanın bir çox ölkəsinin əziyyət çəkdiyi dini ekstremizmin, dini radikalizmin Azərbaycana ayaq açmasına imkan verməməliyik.
Qafqaz Müsəlmanları İdarəsinin Şabran bölgə qazısı Cavanşir Əfəndiyev Azərbaycan dövlətinin din siyasətinin uğurlarından danışıb. Qeyd edib ki, dindarlarımız dövlətimizin başçısının diqqət və qayğısını daim hiss edirlər. Qazı təəssüf hissi ilə qeyd edib ki, bu gün dini radikalların əsas təbliğat meydanlarından biri də sosial şəbəkələrdir. Özünü din xadimi adlandıran bəzi insanlar sosial şəbəkələrdə din adından yalanlar yayır, dindarlar arasında təfriqələr salmağa çalışırlar. Ancaq o adamlar bilməlidirlər ki, biz ölkə dindarları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ətrafında sıx birləşmişik və onun atdığı hər addımı birmənalı dəstəkləyirik.
Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Din 2018-08-30 20:23:00