×
A
A
A
Sazlamalar

YAP Pirallahı rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “dəyirmi masa” keçirilib

Bakı, 28 avqust, AZƏRTAC

Avqustun 28-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının inzibati binasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə multikultural və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasəti” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında Sərəncam imzaladığını bildirib. Hikmət Şikarov deyib ki, Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub. YAP Pirallahı rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqların və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilıb, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilib.
YAP Pirallahı rayon təşkilatı aparatının məsul əməkdaşı Günel Məmmədova və 186 nömrəli orta məktəbin tarix müəllimi Yaqub Hüseynov çıxış edərək bildiriblər ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub.
Sonda Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən dövlət siyasətinə həsr olunmuş videoçarx nümayiş olunub.

CÜMHURİYYƏT - 100 2018-08-28 21:23:00