×
A
A
A
Sazlamalar

Tədqiqatçılar şəkillərin redaktəsi üçün yeni alət təqdim ediblər

Bakı, 27 avqust, AZƏRTAC

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun kompüter elmləri və süni intellekt laboratoriyasının tədqiqatçıları şəkillərin redaktəsi üçün yeni aləti təqdim ediblər. Fotoredaktor “SSS” süni intellektdən istifadə etməklə obyektlərin dəqiq sərhədlərini müəyyənləşdirir və fonu dəyişdirə bilir.
AZƏRTAC robo-hunter.com saytına istinadla xəbər verir ki, “SSS” semantik seqmentasiya texnikası (təsvirin piksellərə bölünməsi) ilə işləyir. Proqram əsas və fon obyektləri arasındakı fərqi avtomatik tanıyır. Digər fotoredaktorlardan fərqli olaraq, yeni texnologiya insanın iştirakını tələb etmir, neyron şəbəkə özü sərbəst işləyir.
“Hər bir piksel yalnız təsvirdəki konkret bir obyektə aid deyil. Çox vaxt fon piksellərini konkret predmetin piksellərindən fərqləndirmək çətin olur. Lakin “SSS” onların sərhədlərini tapır və istənilən obyektin dəqiq konturlarını müəyyənləşdirir”, - deyə tədqiqatın müəlliflərindən biri Yağız Aksoy bildirib.
“SSS” təsvirin redaktəsinə dörd dəqiqə sərf edir. Yeni fotoredaktor hələ ki, video ilə işləmir. Mütəxəssislər texnologiyanın təkmilləşdirilməsi üzərində çalışırlar.

Texnologiya 2018-08-27 17:21:00