×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi keçirilib

Bakı, 27 avqust, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan sərgi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin rektoru Ceyhun Məmmədov sərginin Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar keçirildiyini söyləyib.
C.Məmmədov ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra Azərbaycan Xalq Cümhuriyyətinin maddi və mənəvi irsinə diqqətin daha da artırıldığını, həmin dövrün tarixinin öyrənilməsi və təbliği istiqamətində ciddi addımların atıldığını qeyd edib.
Ulu Öndərin 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamlar imzaladığını bildirən rektor hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən böyük uzaqgörənliklə davam etdirildiyini, dövlətimizin başçısının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında”, 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar sərəncamlar imzalamasının bu baxımdan xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
AXC-nin müsəlman Şərqində ilk demokratik, hüquqi, dünyəvi dövlət olduğunu vurğulayan rektor müsəlman dünyasında ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququnun tanındığını, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər şəraitin yaradıldığını qeyd edib.
C.Məmmədov son illər Cümhuriyyət dövrünün araşdırılması məqsədilə əhəmiyyətli işlərin görüldüyünü bildirib, bu mövzuda ən dəyərli əsərlərdən birinin akademik Ramiz Mehdiyevin ideya, “Ön söz”ünün müəllifi və elmi redaktoru olduğu “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı olduğunu qeyd edib. Bildirilib ki, həmin kitab bu zəngin irsin öyrənilməsinə və araşdırılmasına sanballı və dəyərli töhfədir. Kitab həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edir. Eyni zamanda, Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı baxımından da bu əsər xüsusi əhəmiyyət daşıyır. Kitab Azərbaycan tədqiqatçılarının ilkin mənbələrlə birbaşa təmasını asanlaşdırır, nəşrin digər bir üstünlüyü isə fars dilində orijinal mətnlərin əsərin sonunda əksini tapmasıdır.
Daha sora tədqiqatçı Dilqəm Əhməd tədbirin əhəmiyyətinə toxunaraq bu mövzuda sərgilərin təşkilinin artıq ənənəvi hal aldığını, müxtəlif yerlərdə təşkil edildiyini söyləyib. O, sərginin nümayiş etdirilməsinə şərait yaradıldığına görə Azərbaycan İlahiyyat İnstitutuna təşəkkürünü bildirib. Sonra tədqiqatçı “Mühacirətdə yaşadılan cümhuriyyət” mövzusunda sərgilərin təşkilinin məqsəd və məramı, sərgidə nümayiş olunan əsərlər, onların mövzusu və mahiyyəti haqqında geniş məlumat verib. O, Türkiyəyə səfərləri zamanı AXC-nin qurulmasında iştirak edən şəxslərin bu ölkədə yaşayan övladları ilə görüşdüyünü, onların xatirələrini dinlədiyini, fikir mübadiləsi apardıqlarını və bəzi qiymətli sənədlərin ona bağışlandığını qeyd edib. Tədqiqatçı bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini, yaxın günlərdə həmin məqsədlə yenidən Türkiyəyə gedəcəyini bildirib.
Tədbirin sonunda Cümhuriyyət arxivinin sərgisinə baxış olub, “Bir ildən yüz ilə” kitabının imza mərasimi keçirilib. Sərgidə AXC-yə və mühacirət tarixinə aid nadir materiallar nümayiş olunub, tədbir iştirakçılarına müəllifin üç kitabı təqdim edilib.

Elm və təhsil 2018-08-27 13:38:00