×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: "Fənərbağça" komandası səfərdə "Yeni Malatyaspor"a məğlub olub

Bakı, 19 avqust, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda "Fənərbağça" səfərdə "Yeni Malatyaspor"la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, baş hakim Fırat Aydınusun idarə etdiyi matçda ötən mövsümün ikincisi "Fənərbağça" klubu 1:0 hesabı ilə rəqibinə məğlub olub.
Matç baş məşqçi Filip Kokunun futbolçularının üstünlüyü şəraitində keçsə də, oyunun ikinci hissəsində hesabı rəqib komanda açıb. Meydan sahiblərinin heyətində 70-ci dəqiqədə Daniyel Aleksic topu "Fənərbağça"nın qapısına vurub – 1:0. Qoldan sonra İstanbul təmsilçisinin yeni transferi İslam Slimani rəqib qapısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, hesabı bərabərləşdirə bilməyib.
Bu qələbədən sonra xallarının sayını 6-ya çatdıran "Yeni Malatyaspor" Türkiyə Superliqasında gözlənilmədən turnir cədvəlində liderliyə yüksəlib. "Fənərbağça" isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.
İndiyədək iki komanda arasında çempionatda oynanılan üç matçdan birində "Yeni Malatyaspor", ikisində "Fənərbağça" meydandan qalibiyyətlə ayrılmışdı.
Qeyd edək ki, tur çərçivəsində ötən gün keçirilmiş digər qarşılaşmada "Trabzonspor" komandası öz meydanında "Sivasspor"u 3:1 hesabı ilə məğlub edib. Bu gün keçirilmiş "Bursaspor"-"Kayserispor" (0:0) və "Antalyaspor" - Konyaspor" (3:3) matçları isə heç-heçə yekunlaşıb.
Avqustun 19-da maraqla gözlənilən görüşlərdən "Qalatasaray" doğma meydanda "Göztəpə"ni qəbul edəcək, "Beşiktaş" səfərdə "BŞB Ərzurum" komandası ilə qarşılaşacaq.

İdman 2018-08-19 02:16:00