×
A
A
A
Sazlamalar

“Zirə” və “Keşlə” komandalarının oyunu heç-heçə başa çatıb

Bakı, 18 avqust, AZƏRTAC
Avqustun 18-də Topaz Premyer Liqasının ikinci turunda növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci matçında “Zirə” komandası “Azal Arena”da “Keşlə” klubunu qəbul edib. Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyun 2:2 hesabı ilə başa çatıb. Baş məşqçi Ayxan Abbasovun futbolçuları mövsümə erkən vurulan qolla başlayıblar. Komandanın heyətində 2-ci dəqiqədə Mirsahib Abbasov hesabı açıb. Otuz altıncı dəqiqədə Pərdis Fərcad-Azad keçmiş komandasına qol vuraraq hesab arasındakı fərqi artırıb – 2:0.
Fasilədən sonra hücuma atılan “Keşlə” futbolçuları hesab arasındakı fərqi azaldıblar.
Əvvəlcə 53-cü dəqiqədə Slavik Alxasov fərqlənib. Oyuna əlavə olunmuş dəqiqələrdə isə Andre Klennon hesabı bərabərləşdirib. Beləliklə oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, bu turun açılış matçında “Qarabağ” komandası “Səbail”i 2:0 hesabı ilə məğlub edib.
Avqustun 19-da keçiriləcək iki görüşlə Topaz Premyer Liqasının II tura yekun vurulacaq. Turun maraqla gözlənilən oyununda “Dalğa Arena”da “Neftçi” komandası “Qəbələ” klubunu qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Tura “Sabah”–“Sumqayıt” komandalarının “Əlincə Arena”da keçiriləcək oyunu ilə yekun vurulacaq. Oyun saat 20:30-da başlayacaq.

İdman 2018-08-18 23:32:00