×
A
A
A
Sazlamalar

Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib

Bakı, 18 avqust, AZƏRTAC

Xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 18-də komitənin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
S.Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, “bir pəncərə” sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb. Məlumat verilib ki, idarədə yaradılan lazımi şərait nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.
DGK-nın sədri əmin olduğunu bildirib ki, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaq.
Həmin gün Azərbaycanın İranla dövlət sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gələn DGK-nın sədri, burada gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK-nın sədrinə ətraflı məlumat verilib.
Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

İqtisadiyyat 2018-08-18 16:13:00