×
A
A
A
Sazlamalar

Genuyada uçan körpünün dağıntıları altından 42-ci cəsəd çıxarılıb

Bakı, 18 avqust, AZƏRTAC

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb.
AZƏRTAC RaiNews24 telekanalına istinadla xəbər verir ki, bir qədər əvvəl xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar. Məlumat hələlik hökumət tərəfindən rəsmən təsdiqlənməyib. Yəqin ki, burada faciənin sonuncu qurbanından söhbət gedir: itkin düşənlərin siyahısında cəmi bir nəfərin adı qalmışdı.
Bundan öncə xilasedicilər dağıntılar altından içərisində 3 nəfərdən ibarət ailənin – ata, ana və onların 9 yaşlı oğlunun cəsədlərinin olduğu avtomobilin aşkarlandığı barədə məlumat yaymışdılar. Yerli hakimiyyət orqanlarından bildiriblər ki, xəstəxanalarda 10 yaralı müalicə alır, onlardan 9-nun vəziyyəti ağırdır.
Xatırladaq ki, avqustun 14-də Genuya şəhəri yaxınlığında üzərindən A10 avtomagistralının keçdiyi körpü uçub. İtaliya KİV-lərinin məlumatına əsasən, faciə zamanı körpünün dağılan hissəsində 30-dan çox nəqliyyat vasitəsi olub.
Hazırda Genuyada faciə qurbanlarının dəfn mərasimi keçirilir. Hadisə ilə bağlı ölkədə ümummilli matəm elan edilib.

Dünya 2018-08-18 14:03:00