×
A
A
A
Sazlamalar

BMT-nin sabiq baş katibi Kofi Annan vəfat edib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC
BMT-nin sabiq baş katibi Kofi Annan avqustun 18-də 81 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının “Twitter” səhifəsində yerləşdirilib. Kofi Annanın mikrobloqunda da onun ailəsi və fondu adından məlumat yerləşdirilib. Bildirilir ki, sabiq baş katib uzun sürməyən xəstəlikdən sonra yaxınlarının əhatəsində dünyasını dəyişib. Annanın nə vaxt və harada dəfn olunacağı sonra məlum olacaq.
Qanalı diplomat, Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi Kofi Annan 1938-ci ildə sonradan müstəqil Qana Respublikasına çevrilən Britaniyanın Qızıl Sahil koloniyasında doğulub. Atası fanti qəbiləsinin başçısı və Aşanti əyalətinin qubernatoru olub. Vətənində, ABŞ-da və İsveçrədə təhsil alıb. Tələbə olarkən BMT-də işləməyə başlayıb. Əvvəlcə Beynəlxalq Səhiyyə Təşkilatında, sonra isə digər strukturlarda çalışıb, BMT-nin qaçqınların işi üzrə ali komissarının idarəsinə başçılıq edib.
Kofi Annan 1997-ci il yanvarın 1-də və 2001-ci il iyunun 29-da iki müddətə BMT-nin Baş katibi seçilib. 2001-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Dünya 2018-08-18 13:50:00

Video