×
A
A
A
Sazlamalar

Paytaxtın 2 ünvanında nəqliyyatın hərəkətinin yaxşılaşdırılmasına başlanılıb

Bakı, 17 avqust, Elvin Camalov, AZƏRTAC

3-cü mikrorayon dairəsi və “Memar Əcəmi” metro stansiyası yaxınlığında nəqliyyat şəraitinin yaxşılaşdırılması işlərinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a bildirilib ki, BNA-nın mütəxəssislərinin ərazidə apardığı təhlillərə əsasən hər iki ünvanda nəqliyyat axınına maneə yaradan amillər müəyyən edilərək aradan qaldırılması üçün plan hazırlanıb.
Plana əsasən 3-cü mikrorayon dairəsinin həndəsi ölçülərində dəyişikliklər edilərək nəqliyyat axını kanallaşdırılacaq. Bundan əlavə, dairənin giriş və çıxış hissələrində piyadaların hərəkətinin nizamlanması məqsədilə işıqforlar quraşdırılacaq ki, bu həm də dairədə nəqliyyat axınının düzgün tənzimlənməsinə imkan verəcək. Eyni zamanda, dairəyə yaxın yerləşən nəqliyyatın hərəkətinə maneə yaradan avtobus dayanacaq məntəqələri yenidən təşkil ediləcək.
“Memar Əcəmi” metro stansiyası yaxınlığında da, həmçinin dairənin həndəsi ölçülərində dəyişiklik edilməklə nəqliyyat vasitələrinin hərəkəti kanallaşdırılacaq. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri dəyişdiriləcək.

Nəqliyyat 2018-08-17 18:05:00