×
A
A
A
Sazlamalar

Əncirin bilmədiyimiz faydaları

Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC

Xoş dadı və şirinliyi ilə payız mövsümünün əvəzolunmaz meyvəsi olan əncir həm də müalicə vasitəsi kimi insan sağlamlığının qorunmasında təkrarsız vasitədir.
Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə əncirin faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi ondan istifadə qaydaları haqqında danışıb.
Zaur Həsənov bildirib ki, əncirdən təzə və qurudulmuş halda istifadə edilir, şirə, doşab, kompot, cem, mürəbbə, şərab və sair hazırlanır. Qurudulmuş əncirdə 55-70 faizə qədər şəkər olur və onu uzun müddət saxlamaq mümkündür. Tərkibində asan mənimsənilən şəkər, zülal, turşular, C, B1, B2 vitaminləri, A provitamini var. Hər 100 qram meyvənin kaloriliyi 74 kilokalori, konservləşdirilmişlərdə 53 kilokalori, qurudulmuş meyvələrdə isə 257 kilokalori təşkil edir. Qurudulmuş meyvələrdən həddən artıq istifadə artıq çəkiyə də səbəb ola bilir.
Alim qeyd edib ki, müalicə vasitəsi kimi əncirin meyvəsindən, yarpağından, yarpaq saplağından, kökündən və zoğlarından istifadə olunur.
Meyvələri böyrəyin və mədənin işini yaxşılaşdırmaqla yanaşı, həm də sidikqovucu xüsusiyyətlidir. Əncirdən qanazlığı, mədə-bağırsaq xəstəlikləri, isitmə və digər xəstəliklərin müalicəsində istifadə edilir. Əncir meyvələri ağızdan gələn pis iyləri götürür, baş tükünün artmasına səbəb olur. Xalq təbabətində yetişmiş meyvələrin şirəsindən ürək xəstəlikləri və hipertoniyada, mürəbbə və bəhməzindən qanazlığında, ümumi zəiflik zamanı bərpaedici və qüvvətverici vasitə kimi istifadə edilir. Təzə və isladılmış quru əncir irinli yaraların, çibanların yetişməsində faydalıdır. Xalq təbabətində suda və ya süddə bişirilmiş əncirdən soyuqdəymə, nəfəs yollarının iltihabı, həmçinin angina və damağın soyuqlaması zamanı qarqara kimi istifadə edilir.
Əncir kaliumla zəngin olduğundan ürək-damar xəstəliklərində də faydalıdır. Zaur Həsənov deyir ki, kalium qan damarlarının işini yüngülləşdirir, onları genişləndirir. Bu meyvədəki fisin fermenti isə qan laxtalanmasını zəiflətdiyindən damarlarda trombların sorulmasına səbəb olur, güclü ürək döyüntülərini azaldır, qanyaratma prosesini gücləndirir.
Qurudulmuş yarpaqları dəmlənmiş çay, soyuqdəymə zamanı sinəyumşaldıcı və öskürəkkəsici kimi istifadə edilir.
Yarpaq və kökündən hazırlanmış çay ishala və dizenteriyaya, süddə bişirilmiş əncir qusmaya, yarpaq saplağı və kal meyvələrinin südü ilə hazırlanmış emulsiya uşaqlarda qarın ağrılarına, qurudulmuş yarpaq və zoğdan hazırlanmış çay isə qurda qarşı istifadə olunur. Qurudulmuş yarpaqlardan dəmlənmiş çay, həmçinin ürək ağrılarını götürür, onun fəaliyyətini tənzimləyir, qan təzyiqini aşağı salır.

Kənd təsərrüfatı 2018-08-17 13:05:00