×
A
A
A
Sazlamalar

Taxıl sahələrində yüksək məhsuldarlığa nail olmaq üçün nə etməli – mütəxəssis məsləhəti

Gəncə, 17 avqust, Rauf Hacıyev, AZƏRTAC

Suvarılan aran rayonlarında taxılın optimal səpin müddəti oktyabrın 25-dən noyabrın 10-dək olan dövr sayılır. Bu dövrdə taxıl əsasən cərgəarası 15 santimetr olmaqla adi cərgəvi üsulla səpilir. Payızlıq taxılın tirəli səpin üsulu ilə səpilməsi isə daha yaxşı nəticə verir. Bu üsulla aparılmış səpinlərdə dən məhsuldarlığı adi cərgəvi səpinlərə nisbətən sortlardan asılı olaraq hər hektara 5-8 sentner yüksəlir. Bu səpin üsulunda hektara səpin norması 40-50 faiz azalmaqla toxum materialına qənaət olunur. Eyni zamanda, hər hektara suvarma norması 30-40 faiz azalır ki, bu da suvarma suyu çatışmayan bölgələr üçün mühüm əhəmiyyətə malikdir.
GABA-nın (Gəncə Aqrobiznes Assosiasiyası) kənd təsərrüfatı üzrə mütəxəssisi Həbib Abbasov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün önəm verilməli məqamlara toxunub.
Mütəxəssis deyib ki, payızlıq taxılın yüksək dən məhsulu verməsi üçün tarlada optimal bitki sıxlığı yaradılmalıdır. Bunu nəzərə alaraq tədqiqatlar yolu ilə optimal səpin norması müəyyənləşdirilib. Belə ki, adi cərgəvi səpinlərdə payızlıq buğdanın optimal səpin norması hektara 3,5-4 milyon, tirəli səpinlərdə isə 2,5-3 milyon ədəd cücərən dən hesab olunur. Arpanın səpin normasında isə adi cərgəvi səpinlərdə hektara 3-3,5 milyon, tirəli səpinlərdə isə 2-2,5 milyon ədəd cücərən dən nəzərdə tutulur.
Taxılın səpin norması əkinçilik mədəniyyətinin səviyyəsindən asılıdır. Bu barədə danışan mütəxəssis bildirib ki, əkinçilik mədəniyyətinin yüksək olduğu təsərrüfatlarda fermerlər taxılı nisbətən aşağı səpin normasında səpməklə toxum materialına xeyli qənaət etməyə nail olurlar. Yağış suyu ilə təmin olunmuş dəmyə bölgələrdə payızlıq taxıl əsasən bostan, tərəvəz, qarğıdalı, tütün, yonca və sair bitkilərdən sonra səpilir.
Bu bölgələrdə cərgəarası becərilən sələflərin (qarğıdalı, tütün) məhsulu yığıldıqdan sonra sahə bitki qalıqlarından təmizlənərək 20-25 santimetr dərinlikdə şumlanır. Təsərrüfatlarda bitki qalıqlarını xırdalayan alət varsa, həmin qalıqların xırdalanaraq sahədə saxlanması məsləhət bilinir. Çünki bu qalıqlar torpaq münbitliyini yüksəldir. Şumdan sonra sahə ağır diskli mala ilə disklənir və səpin aparılır. Cərgəarası becərilən bitkilərdən sonra sahə alaqlardan təmiz və yumşaq vəziyyətdə qalıbsa, onda belə sahələrdə torpağı payızlıq buğda üçün üzdən minimal becərmək daha yaxşı nəticə verir. Nəmliklə təmin olunmuş dəmyə şəraitində taxılın səpini oktyabrın 15-dən başlayaraq noyabrın 5-nə qədər başa çatdırılmalıdır.
Mütəxəssis deyib ki, respublikamızın az yağışlı quraq dəmyə bölgələrində payızlıq taxılın məhsuldarlığını məhdudlaşdıran amillərdən ən başlıcası yağış suyunun az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağışları başlayana qədər başa çatdırılmalıdır. Quraq dəmyə şəraitində payızlıq taxıl əsasən taxıldan, qara, faraş və bitkili heriklərdən sonra səpilir. Payızda sentyabr ayında qara və faraş herik sistemi ilə becərilmiş sahələr malalanaraq səpinə hazırlanır. Əgər sələf bitkiləri payızlıq taxıl və dən üçün noxuddursa, onda bu sələflərdən sonra torpağı taxıl üçün üzdən (səthi) becərmək lazımdır. Bu zaman sahə diskli mala ilə 10-12 santimetr dərinlikdə bir-birinin əksi istiqamətində iki dəfə becərilir və birbaşa səpin aparılır.
Quraq dəmyə şəraitində payızlıq taxılın səpini sentyabrın 20-dən oktyabrın 10-a qədər olan müddətdə başa çatmalıdır. Hektara səpin norması buğda üçün 4-4,5 milyon, arpa üçün isə 3–3,5 milyon ədəd cücərən dən götürülür. Səpin adi cərgəvi üsullarla (cərgəarası 7,5 və 15 santimetr) aparılır.
Quraq dəmyə şəraitdə taxıl səpininin şırım üsulu ilə aparılması bitkilərin nəmliklə təmin olunması baxımından yaxşı nəticə verir. Bu səpin üsulunda toxumlar şırımın dibinə səpilir. Yağış yağan zaman şırımın kənarına düşən su axaraq şırımın dibinə tökülür və orada nəmliyin miqdarını artırır. Nəticədə şırımın dibinə səpilmiş toxumlar normal nəmlənməklə vaxtında cücərir və sonrakı mərhələlərdə bitkilər yaxşı böyüyüb inkişaf edir.
Həbib Abbasov vurğulayıb ki, fermerlər taxıl səpinini vaxtında və göstərilən aqrotexniki qaydalarda aparmaqla yüksək məhsul üçün zəmin yarada bilərlər.

Kənd təsərrüfatı 2018-08-17 11:43:00