×
A
A
A
Sazlamalar

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən daha bir avtobusda gediş haqqı ucuzlaşıb

Bakı, 16 avqust, AZƏRTAC

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən 502 nömrəli avtobusda gediş haqqı ucuzlaşıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) marşrutu üzrə hərəkət edən şəhərlərarası müntəzəm marşrut avtobuslarında gediş haqqı Tarif Şurasının 2018-ci il 30 iyul tarixli qərarı ilə hər kilometrə 2,4 qəpik hesablanaraq 80 qəpik tarifi ilə təsdiq olunub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən həmin istiqamət üzrə tarifin aşağı salınması ilə bağlı daşıyıcı şirkətə müraciət edildikdən sonra, əldə olunan razılığa əsasən, tarif 60 qəpiyə endirilib.
Beləliklə, bu gündən etibarən Bakı-Sumqayıt (H.Z.Tağıyev qəsəbəsi) istiqamətində 502 nömrəli marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqı üçün 60 qəpik ödəyəcək. Həmin xətt üzrə hərəkətdə olan 8 avtobusun salonunda mövcud dəyişiklikdən sonrakı tarif əks olunub.
Sərnişinlərdən süni şəkildə artıq məbləğ tələb edən sürücülərlə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “1655” saylı “Qaynar xətt”inə müraciət edərək məlumat vermələri rica olunur.
Avqust ayının 3-dən etibarən 501 və 503 saylı marşrut xətlərində də DANX-ın daşıyıcılara müraciətindən sonra tarif 60 qəpik müəyyən edilib.

Nəqliyyat 2018-08-16 16:57:00