×
A
A
A
Sazlamalar

İldə 700 min oxucuya xidmət göstərən Türkiyənin Milli Kitabxanasının yaranmasından 70 il ötür

Bakı, 16 avqust, AZƏRTAC
Yetmiş il əvvəl istifadəyə verilən Türkiyənin Milli Kitabxanası kolleksiyasındakı milyonlarla əsərlə qardaş ölkənin mədəni yaddaşı hesab edilir. Türkiyənin ən böyük arxiv kitabxanası olan və ölkənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bu nadir məkan malik olduğu yazılı və vizual irsi qoruyub saxlayaraq istifadəçiyə təqdim etməklə yanaşı, gələcək nəsillərə ötürmək missiyasını və məsuliyyətini də uğurla yerinə yetirir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Milli Kitabxanası 1946-cı ildə yaradılıb və iki il sonra avqustun 16-da oxucuların ixtiyarına verilib. Bir ildə təxminən 700 min oxucuya xidmət göstərən kitabxananın internet mühitində təqdim olunan kitabxana xidmətlərindən də ildə orta hesabla 800 min insan istifadə edir.
Hər il yenilənən və daimi oxucu sayı 110 min olan, 9 oxu zalında 1357 nəfərlik istifadəçi tutumuna malik kitabxana, yalnız kitabxanaçılıq deyil, nəşriyyat, bərpa və mühafizə etmə, elektronlaşma və mədəniyyət sahəsindəki beynəlxalq tədbirləri, həmçinin sosial məsuliyyət çərçivəsində işləri ilə ön plana çıxır.
Milli Kitabxana kolleksiyalarında bu ilin iyul ayınadək 1 milyon 410 min çap olunmuş kitab, 27 min 796 əlyazma əsəri, 10 milyon 255 min cild dövri nəşr, 32 müxtəlif növdə 134 min 611 kitabdan kənar materiallar var. Kitabxanada, həmçinin 20 elektron məlumat bazasından 13 milyon sənəd təqdim olunur. Əlyazma kolleksiyasında Osmanlı dövlətinə aid ilk ensiklopedik əsər olan və 1428-ci ildə yazılan “Muradnamə” və digər əhəmiyyətli əsərlər yer alır.
Milli Kitabxananın zəngin kolleksiyasında Osmanlı dövründə ərəb hərfləri ilə çap olunmuş ilk mətbəə nəşrlərindən kitablarla yanaşı, xalq ədəbiyyatının ən canlı mənbələrindən olan latın əlifbası ilə yazılmış və 1801-ci ildən əvvəlki dövrdə nəşr edilmiş nadir kitablar da mövcuddur.
Milli Kitabxananın rəqəmsal kitabxana sistemi vasitəsilə 27 min 796 əsəri, Osmanlı və Türkiyə Cümhuriyyəti dövrünə aid qəzet və jurnalları, məşhur rəssamlara aid tabloları, kino afişalarını və digər çoxsaylı kitabları vizual şəkildə görmək olar.
Gözdən əlillərin kitabxananın xidmətlərindən istifadə etməsi məqsədilə onlar üçün müxtəlif kateqoriyalarda səsləndirilmiş beş min kitab mövcuddur. Həmçinin könüllülərin də dəstəyi ilə ildə orta hesabla 300 yeni səsli kitab arxivə təqdim olunur.
Türkiyənin tarixi və mədəni əlaqələrinin olduğu ölkələrlə də qarşılıqlı mübadilə çərçivəsində bu qurum on minlərlə kitabı xaricdəki kitabxanalara çatdırıb.
Digər tərəfdən Milli Kitabxananın “Bərpa və konservasiya laboratoriya”sında yüz minlərlə əlyazma və nadir əsər zamanın təsirlərindən qorunmaq üçün mühafizə edilir.
Kitabxananın xüsusi xidmətlərindən biri olan “Daş vallar sistemi” ilə kolleksiyada olan beş min daş val isə internetdən musiqisevərlərə təqdim olunur.

Mədəniyyət 2018-08-16 14:22:00