×
A
A
A
Sazlamalar

Təbii fəlakətlə əlaqədar Bakı-Balakən sərnişin qatarı Qax stansiyasında dayanıb

Bakı, 11 avqust, AZƏRTAC

Təbii fəlakətlə əlaqədar Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı Qax stansiyasında dayanıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, avqustun 11-də aramsız yağan leysan yağışlarının təsiri nəticəsində Zaqatala rayonunun ərazisindən keçən Lahıc çayı dəmir yolunun Qax-Zaqatala mənzilinin 132-ci kilometrində dəmir yolundan 2 kilometr aralı məsafədə məcrasını dəyişib, 300 metr məsafədə dəmir yolu yatağını yuyaraq zədələyib. Nəticədə Bakı-Balakən marşrutu ilə hərəkət edən 664 nömrəli sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edib. Zaqatala və Balakən stansiyalarına gedən sərnişinlər Qax stansiyasından avtobuslarla mənzil başına yola salınıb.
Hazırda təbii fəlakət yerində - dəmir yolunda bərpa işləri aparılır. Bu gün Balakən-Bakı sərnişin qatarı Qax stansiyasından Bakıya yola salınacaq.
Avqustun 11-də Bakı-Balakən sərnişin qatarı Bakıdan cədvəl üzrə yola salınacaq.

Nəqliyyat 2018-08-11 14:06:00