Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ramin Musayev: Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdır

Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan birinci divizionunun 2018/2019-cu illər mövsümünün püşkatma mərasimi keçirilib.
AZƏRTAC Peşəkar Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti yeniliklər barədə məlumat verdi:
“Yeni mövsümdə iştirakçı komandalara uğurlar arzu edirəm. Birinci divizionla bağlı bir sıra müzakirələr oldu. Yekunda qərar verdik ki, çempionat 14 komandanın iştirakı ilə keçirilsin. Keçən il demişdim ki, hansı komanda başqa yollara əl atarsa cəzalanacaq. Çünki bizə idman mübarizəsi lazımdı. Ötən il AFFA prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, söz-söhbətlər varsa sübuta ehtiyac yoxdur. Çünki od olmayan yerdən tüstü çıxmaz. Çox təəssüf ki, ötən il beynəlxalq futbol qurumlarından bir sıra məktublar aldıq. Bu isə xoş hal deyil. Odur ki, müvafiq qərarlar qəbul etdik. Müəyyən müzakirələrdən sonra yeni limit tətbiq edildi. Limit dəyişikliyindən sonra birinci il ola bilər ki, çempionatın səviyyəsi yüksək olmasın. Amma zaman keçdikcə yeniliklərin faydasını görəcəyik. Məqsədimiz yerli gənc oyunçuların inkişafına nail olmaqdır”.
Ramin Musayev yeni mövsümün reqlamenti barədə də danışıb: “Oyunlar zamanı 5 əvəzetməyə icazə veriləcək. 14 komandanın iştirak edəcəyi yarış 2 dövrədən ibarət olacaq”.
Qeyd edək ki, birinci divizionda ilk turun oyunları avqustun 23-də və 24-də baş tutacaq.

İdman 2018-08-10 17:51:00