×
A
A
A
Sazlamalar

Bakıda Azərbaycan-Tacikistan işgüzar görüşü keçirilib

Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 10-da Bakıda Azərbaycan-Tacikistan işgüzar görüşü keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, İKT, turizm, maliyyə, logistika, nəqliyyat və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev işgüzar görüşün Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunduğunu və belə tədbirlərin mütəmadi olaraq keçirildiyini vurğulayıb.
2017-ci ildə Bakıda keçirilmiş Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 4-cü iclası çərçivəsində Tacikistanın investisiya imkanlarına dair təqdimatın təşkil olunduğunu xatırladan nazir bugünkü tədbirin də ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi baxımından səmərəli olacağına əminliyini bildirib. Vurğulanıb ki, işgüzar görüşdə bir çox Azərbaycan şirkətlərinin nümayəndələrinin iştirak etməsi yerli sahibkarların Tacikistan iqtisadiyyatına olan marağını göstərir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Ş.Mustafayev sənaye, kənd təsərrüfatı, İKT və digər sahələrdə əməkdaşlıq, birgə layihələrin reallaşdırılması, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nematcon Hikmatullozoda qeyd edib ki, Tacikistan Prezidentinin Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində keçirilmiş yüksək səviyyəli görüşlər ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu göstərir. Azərbaycan və Tacikistan arasında geniş müqavilə-hüquqi bazanın olduğunu bildirən nazir səfər çərçivəsində də bir çox sənədlərin imzalandığını və qanunvericilik bazasının daha da genişləndiyini qeyd edib. O, Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının fəaliyyətinin müxtəlif sahələrdə əlaqələrin inkişafı və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olduğunu bildirib.
Tacikistanın investisiya imkanlarına və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair təqdimatında isə nazir ölkəsinin iqtisadiyyatına, investisiya imkanlarına, həyata keçirilən layihələrə və potensial əməkdaşlıq istiqamətlərinə dair məlumat verib, Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka və investisiya qoyuluşuna dəvət edib.
Sonra işgüzar görüşdə iştirak edən şirkət təmsilçiləri fəaliyyətləri barədə məlumat verib, sənaye, İKT, kənd təsərrüfatı, nəqliyyat sahələrində əməkdaşlıq imkanları müzakirə edilib, iş adamlarını maraqlandıran suallar cavablandırılıb.

Biznes 2018-08-10 17:35:00